Koronavirus infeksiyası səbəbindən yaranmış
pandemiya dövründə ölkəmizdə yüksək
yoluxma dinamikası müşahidə olunduğundan və xüsusi karantin rejimi sərtləşdirildiyindən
yenidən evdən işləmək zorunda qaldığımdan bu günləri daha səmərəli istifadə
etdim. Bir qədər boş vaxtdan yararlanaraq düz beş il əvvəl 2016-cı ilin ilk
günlərində çoxdan görmək istədiyim İsrailə səfərim haqqında təssüratlarımı sizlərlə
paylaşmaq fikrinə gəldim. Qarşılaşdığım hadisələrin ölkəmizdə baş verən son
hadisələrlə bir qədər oxşarlıq (yəhudi-fələstin qarşıdurması, dini obyektlərin
idarə olunması, hərbi postlar və s.) hiss etdiyimdəm oxuculara da maraqlı gələcəyinə
ümid edirəm.
Birinci hissə
2015-ci ilin Yeni
ilini ailəmizlə birlikdə İstanbulda keçirməyi planlamışdım. Anam və bacım artıq
orada idilər və mən dekabrın sonunda məzuniyyətə çıxaraq onlara qoşuldum. Hər
zamankı kimi Azərbaycandan ölkə xaricinə uçuşların baha olması səbəbi ilə əvvəl
avtobusla Tiflisə yollandım və oradan da “Pegasus Hava Yolları” vasitəsilə
İstanbula uçdum.
Bayram günlərini Türkiyədə
qaldıqdan sonra yanvarın 5-də yenidən “Pegasus”la qarlı İstanbuldan günəşli Təl
Əvivə yollandım. Bu yerdə İsrailə getməyi nəzərdə tutanlara bir məsləhət vermək
istərdim. Bir sıra dövlətlərin, o cümlədən bəzi müsəlman ölkələrinin İsrail ilə
münasibətləri yaxşı olmadığından, xüsusilə də İran, İraq, Səudiyyə Ərəbistanı,
Pakistan və digərlərinin İsraili dövlət kimi tanımadıqlarından ora səfər edən şəxsləri
öz ölkələrinə buraxmaya və ya yersiz sorğu-suala tuta bilərlər. Bu məqsədlə
İsrail sərhədçiləri tərəfindən pasporta ölkəyə giriş-çıxış möhürü vurmayaraq bu
rəsmiyyəti ayrıca bir kağızda etməklə turistlərəin gələcəkdə qeyd etdiyim dövlətlərə
səfər etməsində problem yaşadılmasının qarşısını alır. Mən də bu xidmətdən
istifadə etdim.
Ben Qurion beynəlxalq
hava limanında məni çoxdan İsraildə yaşayan Gəncədən olan qohumumuz Vahid
Qurbanoğlu qarşıladı. Fürsətdən istifadə edərək, İsraildə qaldığım müddətdə
göstərdiyi qonaqpərvrliyinə, mehribançılığına görə bir daha ona öz təşəkkürümü
bildirirəm.
Vahid Təl Əvivə cənubdan
bitişik olan Bat Yam şəhərində yaşayır və yerli şirkətlərin birinin mühafizə
xidmətində çalışırdı. İlk günüm bu şəhərlə qısa tanışlıq oldu. Bat Yam əhalisinin
bir hissəsi keçmiş Sovetlər Birliyindən mühacirət edənlərdir, burada xeyli
sayda ərəblər də yaşayır. Şəhərin Aralıq dənizi sahilində yerləşməsindən və
yanvar ayının olmasına baxmayaraq havanın mülayim keçməsindən istifadə edərək həmin
gün dənizdə çimmək imkanını da əldən vermədim.
Xoş bir təsadüfdən
orta məktəbdə uzun müddət bir sinifdə oxuduğum Məncanə də məhz bu şəhərdə
yaşayırdı və bir mehmanxanada inzibatçı kimi çalışırdı. Günortadan sonra təqribən
25 il sonradan sinif yoldaşımla görüşdüm və uşaqlıq illərimizi, məktəb günlərimizi
xatırladıq. Məncanənin vasitəçiliyi ilə İsrail səfərim bir qədər də maraqlı
keçdi. Belə ki, yerli turist şirkətləri bu mehmanxana ilə əməkdaşlıq etdiklərindən
Məncanə mənə onların müxtəlif turlarından istifadə etməyimə şərait yaratdı.
Birinci olaraq Hayfa turunu seçdim.
Ertəsi gün erkən
oyanaraq tura qoşulmaq üçün həmin mehmanxanın qarşısına gəldim. Çox keçmədən
turist avtobusu şəhərin müxtlif yerlərindən səyahətçiləri toplayaraq məni də öz
sıralarına qatdı və biz İsrailin şimalına yollandıq. Əslən Bakılı olan bələdçi-qidimiz
yolboyu gedəcəyimiz yerlər, həmçinin ölkəsi haqqında maraqlı söhbətlər edirdi.
O, danışdığı qısa mövzular arasında İsrail-ərəb münasibətlərinə də toxundu.
Yerlimizin söylədiyi bu sözləri indi də xatırlayıram: “İsrail artıq tank
istehsalı etmir. Çünki biz bu sahədə qonşu ölkələrin hamısından çox üstünük.”
Azərbaycan Ordusunun Vətən müharibəsində istifadə etdiyi İsrail istehsalı olan
PUA-lar (Harop) müasir lokal hərbi toqquşmalarda ağır texnikadansa bu növ
müasir silahlardan istifadənin effektivliyini sübut etdi.
İri liman şəhəri olan Hayfa Yerusəlim (Qüds) və Təl
Əvivdən sonra ölkənin üçüncü şəhəridir. Turumuzun ilk dayanacağı Hayfa
şəhərində yerləşən Dünya Bəhaliliyinin mərkəzi oldu. Bu, kompleks Kermil
dağında yerləşir. Bəhai dininin peyğəmbəri hesab edilən Babın (Seyid Əli
Məhəmməd Şirazi) məqbərəsi buradadır və bəhai zəvvarlarının ziyarət yeridir.
Məqbərənin ətrafında və dağın ətəyində on doqquz terrasdan ibarət məşhur Bəhai
bağları salınıb. Bu kompleks 2008-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına
(dünya irsi incilərinə) daxil edilib.
Kompleksin yalnız məqbərə hissəsi, yuxarı və aşağı
baxış meydançaları turistlərin girişi üçün açıq olur. Kermil dağının üstündən
şəhərə və limana geniş panorama açılır. Şəhərdə dəniz sahilindən baxdıqda isə
dağ ətəyində çox gözəl və estetik salınmış bu bağların həqiqətən də İsrailin ən
çox ziyarət edilən turist obyektlərindən biri olduğu qənaətinə gəlirsən.
Hayfadan sonra bir qədər də şimala hərəkət edərək
Akka (Akra) şəhərinə yolda düşdük. Akka ticarət yollarının üzərində
yerləşdiyindən hələ qədim vaxtlardan çox əhəmiyyətli yer kimi seçilirdi və
tarixən region dövlətlərin – Misir, Finikiya, Assuriya, Əhəmənilər, yunanlar,
Romalılar, Bizanslılar, Ərəb Xilafətinin və Tulunoğullarının əlinə keçmişdir.
Sonralar şəhər səlibçilərin, məmlüklərin və Osmanlı imperasının tabeçiliyində
olmuşdur. Səlibçilərin idarəçiliyi dövründə Akka Yerusəlim krallığının
paytaxtına da çevrilmidir. Misir ekspedisiyası zamanı Napoleon Fələstin
ərazilərinə də yürüşə başlamış, lakin Akkaya hücum etsə də türklər tərəfindən
dəf edilmişdir.
Şəhərin
görməli yerlərindən biri qədim qaladır. Turumuza buranın ziyarəti daxil olmasa
da bir neçə turistlə ümumi qrupdan ayrılaraq qalaya daxil olduq. Hündürlüyü 40
metr olan bu qala 18-ci əsrdə yerli ərəb hakimi Zahir Əl-Ömər tərəfindən
səlibçi Hospitalyerlər ordeninin qədim monastırının qalıqları əsasında inşa
edilmişdir. Burada həmçinin silah anbarı və kazarma yerləşirdi. Sonralar bu
qala türmə kimi də istifadə edilmişdir. Qalanın tam yaxınlığında “Sehirli bağ”
adlandırılan bir bağ da varı. Deyidiyinə görə, 1799-cü ildə bu ərazilərdə
fransızlarla türklər arasında döyüş getmişdir.
Akka şəhəri də bəhai zəvvarları üçün müqəddəs
yerlərdən hesab olunur. Bəhai dininin yaradıcısı Bəhaullah (Mirzə Hüseyn Əli
Nuri) ömrünün sonuna qədər Akka şəhərində uzun müddətli sürgün həyatı yaşamış
və qaladakı türmədə də saxlanılmışdır. Onun dəfn edildiyi məqbərə ətrafında
Bəhai bağı salınıb. Təssüf ki, Bakılı tur rəhbərimiz bizi oranı ziyarətə
aparmadı.
Akka qalasının yaxınlığında Əl-Cəzzar məscidi
yerləşir. İsraildəki İslam obyektləri arasında gözəlliyinə görə bu dini tikili
yalnız Yerusəlimdəki Əl-Əqsa və Qübbətüs-Səhra məscidlərindən geri qalır. Yaşıl
rəngli gümbəzləri və minarəsi ilə məşhur olan bu məscid 18-ci əsrdə Bosniya
əsilli yerli Osmanlı hakimi Cəzzar Əhməd Paşa tərəfindən inşa etdirilmiş və
sonralar özü də burada dəfn olunmuşdur. Şəhərdə indiyə qədər salamat qalan qala
divarları da məhz Əl-Cəzzarın dövründə tikilmişdir. Qeyd edim ki, Akka
şəhərinin tarixi hissəsi də 2001-ci ildən dünya irs inciləri siyahısına
salınıb.
Həmin günü turumuzun sonunda geriyə Bat Yama
qayıdarkən Kesariya (Qeysəriyyə) şəhərini də ziyarət etdik. Əsası miladdan öncə
4-cü əsrdə qoyulmuş bu şəhər sonralar Yəhudi kralı Böyük Herod tərəfindən Roma
imperatoru Avqustun şərəfinə belə (Caesarea) adlandırılmış və buranı Roma
şəhərləri üslubunda inşa etdirmişdir. Sonralar bu şəhər Romalıların bölgədə
əsas inzibati mərkəzinə çevrilmişdir. Bu günlərimizə qədər Roma dövründən qalan
mozaikalı kral sarayınıın, Avqust məbədinin və digər tikililərin xarabalıqları,
sahiboyu böyük hippodrom və daha sonrakı dövrlər, Bizans, ərəb və səlibçilərə
məxsus çoxlu sayda tarixi abidələr qalmaqdadır. Buradakı Roma teatrı deyilənə
görə, İsrail ərazisində mövcud olan ən qədim və ən böyüyüdür. Hazırda bu teatr
bərpa edildikdən sonra konsert yeri kimi istifadə olunur.
Kesariyadakı
arxeoloji tapıntılar arasında ən məşhuru üzərində qədim latın yazısı olan əhəng
daşı plitəsidir. Bu plitədə Yəhudi əyalətinin prefekti Ponti Pilatın adı əks
olunub və İncilə görə, İsa Peyğəmbər haqqında ölüm hökmünü verən bu şəxs
haqqında əldə edilmiş yeganə arxeoloji tapıntı hesab olunur.
Kesariyada
19-cu əsrdə inşa edilmiş Bosniya məscidi də var. Belə ki, 1878-ci ildə
Avstriya-Macarıstan Bosniya-Herzeqovinanı işğal etdikdən sonra xeyli boşnaklar
Fələstin ərazisinə mühacirət etmiş və bir qismi bu ərazidə məskunlaşmışdır.
Kesariya şəhəri 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi obyektlərinin ilkin
siyahısına daxil edilib.
Sinif
yoldaşımın “yardım”ı ilə getdiyim ikinci turist turu Masada və Ölü dəniz sahillərini
əhatə edirdi. Qədim Masada qalası Ölü dənizin
yaxınlığında, səhralıqda çox da hündür olmayan (450 m.) dağın üzərində miladdan
öncə 30-cu illərdə salınmışdır. Qala
sonralar Yəhudi kralı Böyük Herod tərəfindən daha da möhkəmləndirilmişdır.
Birinci
Yəhudi-Roma müharibəsi zamanı (66-73-cü illər) Masada yəhudilər tərəfindən ələ
keçirilmişdir. 70-ci ildə Roma sərkərdəsi Tit Yerusəlimi tutmuş və dağıtmışdır.
Lakin yəhudilərin mübarizəsi hələ üç il də davam etmiş və son müqavimət yeri məhz
Masada olmuşdur. Romalıların uzun müddət dağın zirvəsində olan bu qalanı
mühasirədə saxlamışdır. Xarici istilaçılara qarşı döyüşən yəhudilər mübarizlik
nümunəsi göstərmişdilər. Artıq müqavimətin tükəndiyini hiss edən yəhudilər
Romalılara qul olmaqdansa ölümü üstün tutmuşdular. Qalada olan 960 nəfər insan
arasından 10 nəfər döyüşçü seçilmiş və onlar qalan 950 nəfəri qılıncla qətlə
yetirmişdilər. Sonra 10 nəfər arasından biri seçilmiş və o, qalanlarını
öldürmüş və sonda öz canına qəsd etmişdir. Təsadüf nəticəsində kütləvi qətldən
yalnız iki qadın və beş uşaq sağ qalmış və bu hadisələr onların söyləmələrindən
tarixə düşmüşdür.
Hazırda
bu ərazidə Masada Milli Parkı yaradılıb. Qalaya qalxmaq üçün kanat yolu çəkilib.
Qalaya digər yolla, “ilan cığırı” adlandırılan dağ yolu ilə də qalxmaq olar və
mən bir neçə turistlə belə də etdik. Qala daxilində kral sarayı, sinaqoq, çoxlu
sayda tikililərin qalıqları qalmaqdadır. Masadada zamanına görə mükəmməl çəkilmiş
su sistemi mövcud idi və hazırda hamam və su anbarlarının dağıntıları mövcuddur.
Romalılardan sonra burada Bizans xristian monastırı da olmuşdur. Dağın üzərindən
Ölü dənizə geniş görünüş açılır. Dənizin arxasında İordaniya ərazisi görsənirdi.
Qalanın qalıqları 19-cu əsrdə tapılmış və arxeoloji qazıntılar aparılmışdır.
Masada 2001-ci ildən Ümumdünya İrsi Siyahısındadır və İsrailin ən çox ziyarət
edilən turist obyektlərindən biridir.
Turumuzun
növbəti dayanacağı Ölü dənizin sahili oldu. Qeyd edim ki, Ölü dəniz dünyanın ən
duzli göllərindən biridir və dəniz sahili Yer kürəsinin ən aşağı quru sahəsi
hesab edilir (-430 m). Ölü dənizin suyu mineralllarla zəngindir və bir sıra xəstəliklər
üçün müalicəvi əhəmiyyəti var. Burada təbii müalicə kurortları fəaliyyət göstərir.
Bundan başqa Ölü dənizin minerallarından kosmetika üçün də istifadə edirlər.
Turumuz çərçivəsində gəldiyimiz istirahət zonasında da bu cür kosmetika məhsullarının
satışı mərkəzi fəaliyyət göstərirdi. Fürsətdən istifadə edərək Ölü dənizdə də
bir qədər çimdim. Çimdim deyəndə ki, suyun duzluğunun çoxluğu insanın batmasına
imkan vermir və rahatlıqla su üzərində qala bilirsən.
İsraildə olduğum günlərin birində gündüz vaxtı
qohumum Vahidlə Təl Əvivdə olduq. Həmin gün hava sərin və bir qədər küləkli
olduğundan şəhəri qısa müddətə maşınla gəzdik. Əsası 1909-cu ildə qoyulmuş bu şəhərdə
qədimi tarixi yerlərin olmamasından bura mənə çox da cəlbedici gəlmədi. Hərçənd
keçən əsrin 30-50-ci illərində burada tikilmiş çoxlu sayda ağ və açıq rəngli
binalara görə Təl Əvivin bu hissəsi “Ağ şəhər” adlandırılmış və 2003-cü ildə
dünya irsinin inciləri siyahısına salınmşdır.
Axşam saatlarında Vahid və onun dostu, həmyerlimiz Eyyub ilə Yaffada olduq. Hazırda bu şəhər Təl Əviv ilə birləşdirilib və rəsmi olaraq Təl Əviv-Yaffa adlandırılır. Yaffa daha qədim şəhərdir. Buranın ən görməli yerləri köhnə şəhərdə - Qədim Yaffada yerləşir. Köhnə şəhərin küçələrini xeyli piyada dolandıq. Axşam vaxtı olduğundan şəhərin tarixi obyektləri, o cümlədən Əl-Bahr məscidi (Dəniz məscidi) bağlı idi. Şəhərin məşhur Saat qülləsi də təmir işləri ilə əlaqədar örtülmüşdür. Yaffanın ən gözəl yerlərindən biri liman hissəsidir və gecə saatlarında buradan Tel Əvivin sahil boyu olan göydələnlərini seyr etdik.
İsrailə səfərimin üçüncü günü daha maraqlı
olmuşdur. Yanvarın 7-də bir çox yerlərə getməyi planlaşdırmışdım. Evdən gecə
təqribən 3-də çıxdım və avtobusla Yerusəlimə yollandım. Sübh hələ açılmadan mən
artıq Yerusəlimə çatdım. Burada avtovağzalda bir qədər gözlədikdən sonra digər
avtobusla Hebron (Əl-Xəlil) şəhərinə getdim. Gecə demək olar ki, yatmadığımdan
hər iki avtobusda yolboyu mürgülədim. Bir müddət sonra avtomobil yolunun
kələ-kütür, narahat olmasından oyandım və sürücüdən harada olmağımız barədə
maraqlandım. Yəhudi sürücü özünəməxsus bir işarə ilə yol ətrafı uçuq-sökük
evləri işarə edib, Hebrona yaxınlaşdığımızı bildirdi. Mən artıq Fələstin
ərazisində idim.
Burada kiçik bir məlumat verim ki, Fələstin Dövləti
1988-ci ildə Fələstin Azadlıq Təşkilatının (FAT) ali orqanı olan Fələstin Milli
Şurasının Əlcəzairdə keçirilmiş toplantısında elan olunmuşdur. Lakin o zamanlar
bu dövlət heç bir əraziyə malik deyildir. 1993-cü ildə İsrail ilə FAT arasında
imzalanmış Oslo razılaşmalarına görə, İsrail tərəfindən zəbt edilmiş Qəzza
bölgəsinin və İordan çayının qərb sahilinin bəzi hissələrinin idarəçiliyi üçün
Fələstin Milli İdarəsi (FMİ) yaradılmışdır. 2013-cü ildən FMİ rəsmən Fələstin
Dövləti adlandırılır.
Hebron dünyanın qədim şəhərlərindən biridir və
İudaizmdə Yerusəlimdən sonra ikinci müqəddəs şəhər hesab edilir. Hebron eyni
zamanda İordan çayının Qərb sahilinin ən iri şəhəri və Fələstinin Qəzzadan
sonra ikinci şəhərdir. Əhainin böyük əksəriyyətini ərəblər (fələstinlilər)
təşkil edir. Şəhər əsasən Fələstinin idarəçiliyində olsa da, bir hissəsi
İsrailin nəzarətindədir.
Hebronda ilk ziyarət etdiyim tarixi yer -
Patriarxlar mağarası (Maxpela mağarası) oldu. Bura İudaizm, Xristianlıq və
İslam üçün müqəddəs yer hesab olunur. Bibliyaya görə, İbrahim peyğəmbər arvadı
Sara öldükdən sonra bu mağaranı yerli sakinlərdən almış və onu burada dəfn
etmişdir. Sonralar İbrahimin özü, oğlu İshaq və onun arvadı Rebeka, İshaqın
oğlu Yaqub və onun arvadı Lea da burada dəfn olunmuşdular. Yəhudilərə görə,
Adəm və Həvvanın qəbirləri də bu mağaranın alt dərinliklərindədir. Mağara iki
hissəyə bölünmüş halda fəaliyyət göstərir və ziyarətçilər fərqli girişlərdən
daxil olurlar. Mağaranın müsəlmanlara aid hissəsi daha böyük əraziyə malikdir.
Tarixi-dini obyektin bilavasitə yanında İsrail
Ordusunun postu yerləşir. İsrail əsgərləri mənim haradan olduğumu soruşduqdan
sonra məni mağaranın arxa tərəfində olan müsəlman girişinə ötürdülər. Müsəlman
hissəsi fəaliyyətdə olan məsciddir (İbrahim məscidi) və fələstinlilər
tərəfindən idarə olunur.
Ərəb Xilafəti Fələstini istila etdikdən sonra
burada məscid tikilmiş, sonralar bir müddət Səlibçilərin əlinə keçmişdir. On
ikinci əsrdə bu ərazilər Səlahəddin Əyyubinin nəzarətində olmuşdur. Onun
tərəfindən məscid ətrafında minarələr
inşa edilmiş, onlardan ikisi indiyə qədər qalmaqdadır. Məsciddəki məşhur
minbəri də məhz Səlahəddin həmin dövrdə Aşkelon şəhərindən bura gətirtmişdir.
Mağaranın mərkəzi hissəsində ayrı-ayrı qapalı
otaqlarda İbrahim və Saranın məqbərələri yerləşir. Hər iki girişdən gələn
ziyarətçilər fərqli pəncərələrdən buranı müşahidə edə bilirlər. İshaq və
Rebekanın qəbri müsəlman tərəfdə, Yaqub və Leanın qəbri isə yəhudi tərəfdədir.
Məsciddən çıxdıqdan sonra digər girişdən sinaqoq
ərazisinə girmək istədim. Lakin bu dəfə İsrail əsgərləri buna icazə vermədi və
hətta onlardan biri mənim bir qədər əvvəl müsəlman tərəfinə keçdiyimə görə
sinaqoqa getməyimə etiraz etdi. Vəziyyəti belə görəndə bir qədər aralı yerləşən
posta yaxınlaşdım və daha yüksək polis əməkdaşları ilə “müzakirələr”dən sonra
mənə icazə verildi. Sinaqoq ərazisi daha kiçik idi və məsciddən fərqli olaraq
həmin günü bura gələn digər turistlər də vardı.
Mağaradan bir qədər aralandıqda yerli fələstinlilər
mənə yaxınlaşaraq müəyyən sorğu-sual edir, “müsəlman təhsil cəmiyyətləri” üçün
müəyyən ianələr edilməsini xahiş edirdilər. Bunlarla xoş danışaraq
təhlükəsizlik baxımından İsrail əsgərləri tərəfə hərəkət edirdim.
Hələ Bat Yamda olarkən İntifada zamanlarından
fərqli olaraq indiki dövrdə fələstinlilərin əsasən bıcaqla silahlanaraq
ara-sıra mülki əhaliyə qarşı hücumlar etdiyi haqqında söyləmişdilər. Fələstin
tərəfinə keçəcəyimi bildikdə mənə daha diqqətli olmağımı məsləhət görmüşdülər.
Təhlükəsizliyin qorunması üçün İsrailin bütün yaşayış məntəqələrində əli
avtomatlı polis və hərbiçilərə rast gəlmək adi bir hal idi.
Qeyd edim ki, mağara ərazisi dəfələrlə terror
aktlarının keçirilmə yeri olmuşdur. Onlardan ən məşhuru 1994-cü ildə
edilmişdir. Amerika əsilli Barux Qoldşteyn adlı yəhudi həkim avtomatla
silahlanaraq məscidə daxil olmuş, 29 nəfər fələstinlini qətlə yetirmiş, 150
nəfərdən çoxunu isə yaralamışdır. Terrorçunun özü də məsciddəki kütlə
tərəfindən linç edilərək öldürülmüşdür. Bu hadisədən sonra ərazidə təhlükəsilik
tədbirləri daha da gücləndirilmişdir.
Mağara ziyarətindən sonra yaxınlıqdakı dəmir
barmaqlıqlar formasında olan keçiddən istifadə edərək Hebronun ərəb hissəsinə
keçdim. Dar küçələr, kiçik evlər, divarlarda Yasir Ərəfatın rəsmləri... Bura
bir qədər bizim İçərişəhərin küçələrinə bənzəyirdi. Hebronun qədim hissəsi
Patriarxlar mağarası ilə birlikdə 2017-ci ildən Ümumdünya İrsi Siyahısına daxil
edilib. Burada 13-cü əsrdə inşa edilmiş və sonralar bərpa edilmiş Şeyx Əli
əl-Bakka məscidini ziyarət etdim. Məscidin Məmlük arxiterktura üslubu ilə
tikilmiş minarəsi indiyə qədər qalmaqdadır.
Şəhərin mərkəzi küçələrinə çıxdıqdan sonra taksi
ilə Müqəddəs Üçlük Monastırına getdim. Rus Pravoslav Kilsəsinə məxsus olan bu
dini tikilini turistlər və zəvvarlar üçün daha maraqlı edən onun ərazisində 5
min il yaşı ehtimal edilən Mamre palıdının (İbrahim palıdı) olmasıdır.
Bibliyaya görə, İbrahim peyğəmbər bu ağacın altında oturarkən Allah ona
görünmüşdür.
Hebronun qədim hissəsindən fərqli olaraq şəhər
mərkəzində artıq bir qədər geniş küçələr, orta hündürlüklü binalar vardı.
1997-ci il Hebron razılaşmalarına görə, şəhərin böyük əksəriyyəti (80 faiz)
fələstinlilərin idarəçiliyindədir. Şəhərin təhlükəsizliyinə Fələstin polisi
nəzarət edir. Yaxın Şərq müsəlman şəhərlərinə tipik olaraq burada da
meyvə-tərəvəz və geyim üzrə küçə ticarəti inkişaf edir, hərəkət yollarının
nişanlanması demək olar ki, yoxdur, avtomobillərlə yanaşı at qoşqulu yük
arabalarından da istifadə olunurdu. Natəmizlik də öz yerində.
Hebronun mərkəzində bazarın yanından köhnə
mikroavtobusa minərək Fələstinin digər şəhəri Betlehəmə getdim. Bu şəhər
İudeyanın və sonralar İsrail krallığının məşhur padşahı olan Davudun vətənidir.
Betlehəm xristianlar üçün Yerusəlimdən sonra ikinci müqəddəs şəhər hesab
edilir. Belə ki, İncilə görə, İsa peyğəmbər bu şəhərdə doğulmuşdur.
Avtobusdan əsas yolda düşərək ara küçələrlə şəhərin
ən məşhur tarixi-dini obyekti Milad kilsəsi tərəfə getməyə başladım. Hebronda
olduğu kimi burada da geniş olmayan küçələr ticarət obyektləri ilə dolu idi.
Həmin gün yanvar ayının 7-si olduğunu, post-sovet ölkələrin pravoslav
kilsələrinin məhz bu günü Milad bayramı kimi qeyd etdiklərini nəzərə alsaq bu
ərazidə çoxlu sayda, xüsusilə də rusdilli zəvvarlara və turistlərə rast
gəlinirdi.
Milad kilsəsi dördüncü əsrdə Roma imperatoru
Konstantinin anası Yelenanın göstərişi əsasında Milad mağarası üzərində inşa
edilmişdir. Sonralar kilsə bir qədər dağılsa da Bizans imperatoru Yustinian
tərəfindən bərpa edilmiş və genişləndirilmişdir. Zəvvarların çoxluğundan bir xeyli
sırada gözlədikdən sonra kilsəyə daxil oldum, oradan da dar pilləkənlərlə
mağaranın içinə düşdüm. Rəvayətə görə, İsa məsih məhz bu mağarada dünyaya göz
açmışdır. Həmin yerdə döşəmədə 14 guşəli gümüşü ulduz bərkidilib və ulduzun
üzərində çıraqlar asılıb. Zəvvarlar burada dini ayinlərini yerinə yetirir,
bəziləri özləri ilə gətirdikləri ikonaları burada “müqəddəsləşdirirdilər”.
2012-ci ildən Ümumdünya İrsi Siyahısında olan Milad
kilsəsi Yunan pravoslav kilsəsi, erməni kilsəsi və katolik kilsəsinin birgə idarəçiliyindədir.
Heç təsadüfi deyil idi ki, kilsə ətrafında bir neçə ermənilərə də rast gəldim.
Dini kompleksin ətrafında fələstin polisinin əməkdaşları patrul aparırdılar.
Oslo razılaşmalarına görə Betlehəm şəhəri fələstinlilərin hərbi və mülki
nəzarətindədir.
Milad kilsəsinin arxa hissəsində Süd mağarası
kilsəsi (Milk Grotto Church) yerləşir. Digər rəvayətə görə, İsa peyğəmbərin
doğulmasından sonra ailəsi bir müddət məhz buradakı mağarada yaşamış və Məryam
oğlunu əmizdirərkən süd damcıları yerə düşmüşdür. Sonralar bura xristian
zəvvarlarının ziyarət etdiyi əsas obyektlərdən birinə çevrilmiş və 19-cu əsrdə
mağaranın üzərində katolik kilsəsi inşa edilmişdir.
Milad kilsənin qarşısındakı Meydanın mərkəzində
Milad bayramı ilə əlaqədar hündür Yeni il ağacı quraşdırılmış, həmçinin Bibliya
hadisələrini əks etdirən dekorasiya düzəldilmişdir. Bu meydan Axur meydanı
(Manger Square) adlanır. Bibliyaya görə, İsa doğulduğu zaman Məryam başqa bir
əşyası olmadığından övladını axura - ev heyvanlarının yemləmək qutusuna qoymuşdur.
Meydanın əks tərəfində 19-cu əsrdə tikilmiş və
hazırda fəaliyyət göstərən tək minarəli Ömər məscidi yerləşir. Bu islam
tikilisi Betlehəmin qədim hissəsində olan yeganə məsciddir. Qeyd edim ki,
Betlehəmin qədim hissəsinin əhalisinin əksəri xristianlar, xüsusilə də
pravoslavlardır. Rəvayətə görə, Xəlifə Ömər Yerusəlimi ələ keçirdikdən sonra
Betlehəmdə xristianların və onlraın müqəddəs yerlərinin təhlükəsizliyinə
təminat vermək məqəsədilə bura gəlmiş və hazırda məscidin yerləşdiyi yerdə
namaz qılmışdır.
Betlehəmlə bitirdikdən sonra Yerusəlimə qayıtmaq
üçün taksi ilə buraxılış məntəqəsinə gəldim. Hazırda İsrail ilə İordan çayının
qərb sahili arasında olan ərazilərin müəyyən hissəsində sərhəd səddi mövcuddur.
İsrail tərəfindən bu səddin çəkilməsi bir sıra dövlətlər tərəfindən tənqid
edilmişdir. Bu səddin böyük hissəsi metal çəpərdən, bir hissəsi isə hündür
beton divardan ibarətdir. Mən gəldiyim yer məhz beton divar ərazisi idi. Bu
səddin çəkilməsinin əsas məqsədi terror aktlarından qorunma, ölkənin yəhudi və
ərəb əhalisi arasında toqquşmaların qarşısının alınmasıdır. Uzun, qapalı və dar
dəhlizdən sonra sərhəd buraxılış məntəqəsindən keçərək Fələstin ərazinini tərk
etdim.
Sərhəddən
avtobusla Yerusəlimə yollandım. Yerusəlim dünyanın qədim şəhərlərindən biridir
və ilk məskunlaşma miladdan öncə dördüncü minilliyə gedib çıxır. Sonralar şəhər
yəhudilərin, romalıların, ərəblərin, Səlibçilərin, məmlüklərin, Osmanlıların
tabeçiliyinə keçmiş, dəfələrlə dağıdılmış və yenidən bərpa olunmuşdur.
Mən Yerusəlimə
çatanda artıq günortanı keçirdi. Yerusəlimin turistləri ən çox cəlb edən yeri şəhərin
şərq tərəfində yerləşən köhnə hissəsidir (Köhnə şəhər). Köhnə şəhərin hazırki
divarları Osmanlı sultanı Süleyman Qanuninin dövründə salınmışdır. Qala
divarlarına pillələrlə qalxaraq Yaffa qapısından içəri daxil oldum və şəhərin
erməni kvartalına düşdüm. Yeri gəlmişkən, Köhnə şəhər dörd kvartala bölünüb:
müsəlman, xristian, yəhudi və erməni. Yaffa qapısının önündə Davud qalası yerləşir.
Vaxt azlığı baxımından bu qalaya daxil olub baxa bilmədim.
Köhnə şəhərin erməni
kvartalı ilə bir qədər gəzdikdən sonra kral Davudun məqbərəsini ziyarət etdim.
Burada yəhudilər öz dini ayinlərini yetirir, dini ədəbiyyat oxuyurdular. Deyilənə
görə, məhz bu binanın üst qatında İsa peyğəmbər çarmıxa çəkilməzdən əvvəl
axırıncı dəfə həvariləri ilə birlikdə məşhur şam yeməyini etmişdir.
Köhnə şəhər
1981-ci ildən UNESCO-nun dünya irsinin inciləri sırasındadır. Şəhərin daş piltəli
küçələri ilə hərəkət edərkən sanki xəyali tarixin əvvəlki dövrlərinə gedirdim.
Şəhərin xeyli hissəsi qapalı bazar formasındadır. Elə belə dar küçələrlə
dolanaraq xristian kvartalına gəldim. Sıx ticarət obyektləri arası ilə gedərək
Müqəddəs Yelena küçəsinə çatdım. Burada iki dini tikili üzbəüzdür: Müqəddəs məqbərə
kilsəsi və Ömər məscidi.
Müqəddəs məqbərə
kilsəsi xristianlığın ən müqəddəs yeri hesab edilir. İncilə görə, hazırda bu
kilsənin yerləşdiyi yerdə İsa peyğəmbər çarmıxa çəkilmiş, dəfn edilmiş və
sonradan dirilmişdir. Ərazi baxımından çox böyük olan bu dini tikilinin müxtəlif
ziyarətgahlarına sahiblik hüququ əsasən Yunan pravoslav kilsəsi, katolik kilsəsi
və erməni kilsəsinə, o cümlədən az qisimdə Kopt pravoslav kilsəsi (Misir),
Suriya pravoslav kilsəsi və Efiopiya pravoslav kilsəsinə məxsusdur.
Mən kilsəyə daxil
olanda hava qaralmağa doğru gedirdi. Dini tikili daxilində müxtəlif kiçik kilsələr,
məbədlər, səcdəgahlar, qəbirlər mövcuddur. Ərazinin tam gəzilməsi az vaxt
aparmadı. Kilsənin mərkəzində, rotondanın altında, müqəddəs məzar üzərində
tikilmiş ibadətgah yerləşir. Burada dini ibadət ayinlərinin keçirilməsinin
vaxtı da müxtəlif konfessiyalar arasında bölüşdürülüb. Mən katoliklərin
zamanına düşdüm və qısa dini ayın yerinə yetirildi. Bundan sonra növbə ilə
ziyarətçilər məzarın olduğu mağaraya girməyə başladılar. Mən də növbəyə duraraq
oranı ziyarət etdim.
Bundan sonra köhnə
şəhərin dar küçələri ilə hərəkət edərək yəhudi kvartalına keçdim. Şəhərin bu
hissəsinin ən məşhur və daha çox ziyarət edilən yeri isə Qərb divarıdır.
Yerusəlimin Məbəd
dağı adlandırılan hissəsi yəhudilərin ən müqəddəs yeri hesab edilir. İudaizmə
görə, bu ərazidə bir neçə mühüm hadisələr baş vermişdir. Bunlardan biri də ilk
insan Adəmin yaradılışının məhz burada olmasıdır. Miladdan öncə onuncu əsrdə yəhudilərin
İlk məbədi (Süleyman məbədi) də burada inşa edilmişdir. Bu məbəd Yeni Babil
çarlığının hökmdarı II Navuxodonosorun Yerusəlimi istila etdiyi zaman təmamilə
dağıdılmışdır.
Sonralar yəhudilər
həmin yerdə İkinci məbədi tikmişdilər. Bu məbəd isə 70-ci ildə Roma sərkərdəsi
Tit tərəfindən məhv edilmidir. Birinci və İkinci məbəd eyni gündə yəhudi təqviminin
Av ayının 9-da dağıdılmışdır və həmin gün (Tişa Beav) yəhudilər tərəfindən matəm
günü kimi qeyd edilir.
İkinci məbədin dağıdılması nəticəsində tikilinin
divarlarının bir hissəsi salamat qalmışdır. Hazırda qədim divar qalıqlarının qərb
hissəsi (Qərb divarı) yəhudilər üçün çox müqəddəsdir, ziyarət və dua yeridir.
Müsəlmanlar yəhudilərin bu divara yaxınlaşaraq ağlamalarını müşahidə etdiklərinə
görə buranı “Ağlama divarı” adlandırmış, sonralar bir çox dillərdə də belə əks
olunmuşdur.
Qərb divarının olduğu əraziyə iki tərəfdən giriş
vardı və təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur. Xüsusi
yoxlanışı keçəndən sonra geniş meydana keçdim. 1967-ci il Altı günlük müharibənin
nəticəsində İsrail Yerusəlim şəhəri üzərində nəzarəti ələ keçirdikdən sonra Qərb
divarı yaxınlığında yerləşən müsəlman evləri dağıdılmış və bu meydan düzəldilmişdir.
Divarın sol hissəsi kişilər, sağ hissəsi isə
qadınlar üçün ayrılıb və xüsusi arakəsmə ilə bölünüb. Axşam saatlarına
baxmayaraq, Qərb divarını ziyarət edən, burada ayaq üstə və ya kürsülərdə əyləşərək
dua edən xeyli sayda insan vardı. Bəziləri öz dua və istəklərini yazdıqları
kağız parçalarnı bükərək divarın daşları arasına qoyurdular. Divarın sol tərəfində
Uilson alaqapısı var. Bu alaqapıdan keçərək böyük otağa girirsən. Bu qapalı ərazidə
də dualar edilir, çoxlu sayda dini kitablar saxlanılır.
Qərb divarı iri daş piltələrindən ibarətdir.
Daşların hər biri bir neçə ton ağırlığındadır. Bunların ən irisi divarın torpaq
səviyyəsindən aşağıda, tuneldədir. Qərb daşı adlandırılan bu piltənin çəkisi təxminən
570 tondur və dünyanın ən iri monolit daşlarından biridir. Müqayisə üçün,
Misirdəki Xeops ehramının ən böyük daş piltəsinin çəkisi təqribən 35 tondur.
Daha sonra Qərb divarı ərazisindən çıxaraq onun arxa
hissəsinə - Məbəd dağı ərazisinə getdim. Bura müsəlmanlar üçün də müqəddəs
hesab olunur və Əl-Əqsa məscidi burada yerləşir. Yenə köhnə şəhərin küçələrindən
həmin yerə gedərkən əvvəlcə İsrail hərbiçiləri mənim Azərbaycandan (müsəlman
ölkəsi) olduğumu bildikdən sonra yola davam etməyə icazə verdilər. Bilavasitə məscidin
ərazisinin girişində isə Fələstin polisinin postu vardı. Onlar da özlərindəki
siyahıya baxıb Azərbaycanı tapdılar. Amma hər ehtimala Quranın “Fatihə” surəsini
soruşdular. İsrailə səfərə getməmişdən əvvəl qeyri-müsəlmanların Əl-Əqsa məscidinə
girişin qadağan olması haqqında oxumuşdum. Buna görə də, öncədən müəyyən
“hazırlıq” keçmişdim və bu postu da rahatlıqla keçdim.
Məbəd dağı ərazisinin şimal hissəsində Qübbətüs-Səhra
ziyarətgahı yerləşir. Bu, qübbə formasında olan ən qədim müsəlman tikililərindən
hesab olunur. Qübbətüs-Səhra (ərəbcədən, qayanın qübbəsi) 7-əsrdə Müəlləq qaya
daşı üzərində inşa edilmişdir. Bu daş yəhudi, xristian və islam dinləri üçün
müqəddəs hesab olunur. Yəhudilərə görə, dünyanın yaranışı bu daşdan başlanılıb.
Xristianlara görə, qiyamət günündə İsa məsihin taxtı bu daşın üzərində
qurulacaq. Müsəlmanlara görə isə, Məhəmməd peyğəmbər bu daşın üzərindən meraca
yüksəlmişdir.
Səlibçilər Yerusəlimi ələ keçirdiyi dövrdə bura bir
müddət kilsəyə çevrilmişdir. Hazırda məscid kimi fəaliyyət göstərən Qübbətüs-Səhra
ən gözəl müsəlman memarlıq nümunələrindən biridir. Səkkizbucaqlı tikilinin
divarları rəngli (göy, yaşıl, sarı və s.) çini kaşı mozaikalarla bəzədilib və
üzərində qızılı qübbə durur. Binanın daxili dairəvi formadadır və çoxlu sayda
sütünlar var. Müəlləq daşı arakəsmə ilə qapadılmış, insanlar onun ətrafında
namaz qılırdılar.
Bəzi hallarda, Qübbətüs-Səhra ziyarətgahı Əl-Əqsa məscidi
ilə səhv salınır, Əl-Əqsa haqqında yazılar veriləndə qızılı qübbəli binanı göstərirlər.
Əl-Əqsa İslam dünyasının ən qədim məscidlərindəndir və müsəlmanlar üçün Məscidül-Həram
(Məkkə) və Məscidül-Nəbidən (Mədinə) sonra üçüncü ən müqəddəs yer hesab olunur.
Quranda göstərilib ki, Məhəmməd peyğəmbər Məscidül-Həramdan Əl-Əqsa məscidinə
merac etmişdir. İslamın ilk dövrlərində Əl-Əqsa məscidi müsəlmanlar tərəfindən
Qiblə kimi qəbul olunmuşdur.
1951-ci ildə məscidin
girişində İordaniya kralı Abdulla fələstinli terorçu tərəfindən qətlə
yetirilmişdir. 1969-cu ildə isə Avstraliyadan olan xristian sekta üzvü Denis
Maykl Rohen məscidi yandırmışdır. Əl-Əqsa ərazisində mütəmadi olaraq yəhudilər
və fələstinlilər arasında toqquşmalar baş verirdi. Belə hadisələrdən daha
böyüyü mənim səfərimdən bir il əvvəl 2014-cü ildə olmuş, yaralananlar və
saxlanılanlar olmuşdur. Bu baxımdan İsrail hökuməti tərəfindən də müxtəlif
dövrlərdə məscidi ziyarət edənlər arasında müəyyən qadağalar (50 yaşdan kiçik
kişilər, bütün qadınlar və s.) tətbiq edilirdi.
Məscidin sahəsi
Qübbətüs-Səhradan daha böyükdür və eyni zamanda beş min nəfərdən çox insan
namaz qıla bilər. Mən Əl-Əqsada olanda artıq axşam saatları idi və ziyarətçilər
azalmışdır. Məsciddə bir qədər oturub ağır günün yorğunluğunu aldım. İrəlidə
gediləsi daha başqa yerlər vardı. Planıma görə, artıq həmin gün
İsrail-İordaniya sərhəddini keçməli idim. Hətta həmin gecə üçün Əmmanda oteldə
yer də tutmuşdum.
Məsciddə dincələrkən
burada bir fələstinli ilə tanış oldum və sərhədə yaxın yerləşən İerixon şəhərinə
getmək barədə maraqlandım. O, hərçənd bu vaxtı ora getməyin çətin olacağını desə
də yardım edəcəyini söylədi. Bir qədər də Əl-Əqsada olduqdan sonra birlikdə
oranı tərk etdik. Bu dəfə köhnə şəhərin müsəlman hissəsinə keçdik.
İşgününün sonu
idi. Ticarət başa çatır, yır-yığış edirdilər.
Köhnə şəhərin dar küçələri ilə bir qədər də getdikdən sonra Dəməşq
qapılarına çatdıq. Girişin özü amfiteatr formasındadır. Yerusəlimə daxil
olduğum Yaffa qapılarına yuxarı qalxan pillələr aparırdısa, Dəməşq qapılarında
isə əksinə pillələr aşağı düşürdü.
Köhnə şəhərdən
çıxdıqdan sonra Yerusəlimin şərq hissəsində idik. Burada əsasən fələstinlilər
yaşayır. Bir neçə dəqiqə piyada gedərək Yerusəlimin avtovağzalına getişdik. Əvvəldən
düşünürdüm ki, Fələstinin inzibati mərkəzi olan Ramallaha gedərək oradan da
İyerixona yetişim. Lakin bu vaxtı belə nəqliyyatın olmayacağını dedilər. Son
olaraq məsləhət görüldü ki, Azəriyyə (bu yerin mənşəyini soruşsam da cavab verəcək
şəxs olmadı) deyilən yerə gedən avtobusa minim və yolda bir məntəqədə (adını
unutmuşam) düşərək oradan İerixona gedəcək başqa nəqliyyat tapmaq mümkün olar.
Artıq saat 8-i
keçmişdir və avtobusumuz yola düşdü. 20-30 dəqiqə keçməmiş həmin deyilən məntəqəyə
çatdıq. Burada 1-2 taksi vardı və İyerixona gedən yox idi. Sərnişinlərini
toplayıb yola düşməyə hazırlaşan bir taksi sürücüsü məni arxayın etdi ki,
İerixona gedən maşınlar olan yerədək məni aparacaq. Əlacsızlıqdan bunlara
qoşuldum və bir xeyli getdikdək sonra demək olar ki, səhralıq bir yerdə yol
ayrıcında məni düşürdü.
Yenidən Fələstin ərazisində
idim. Gecə saat 9-u ötüb, zill qaranlıq, səhranın ortasında yol qırağında
qalmışdım. Tək-tük maşınlar gedir və saxlayan da olmurdu. Hava da bir qədər sərinləmişdi.
Yol qırağı ilə bir müddət piyada getməyə və maşınlara əl etməyə başladım. Nəhayət
ki, 10-15 dəqiqə getdikdən sonra bir tünd rəngdə “cip” saxladı və xoş təsadüfdən
İerixona gedirdi. Ümumilikdə, Yerusəlim ilə sərhəd arasında məsafə elə də çox
deyil (təqribən 30 km), lakin gecə vaxtında nəqliyyatın olmaması belə problem
yaşadırdı.
Onlarla İerixona qədər
getdim və şəhərin bir yerində sərhəddə getmək üçün yerli taksiyə mindim. Qeyd
edim ki, İerixon dünyanın ən qədim şəhərlərindən biri hesab olunur. Bu şəhər
Oslo razılaşmalarından sonra İsrail tərəfindən Fələstin idarəçiliyinə verilmiş
ilk şəhər idi. Fələstinin digər şəhərlərində olduğu kimi İerixonda da İsrail və
Fələstinin nəzarət etdiyi hissələri arasında müəyyən sərhədlər var. 2020-ci
ilin oktyabrında İerixonun tarixi hissəsi UNESCO-nun Ümumdünya irsi obyektlərinin
ilkin siyahısına daxil edilmişdir.
Taksi ilə bir qədər
getdikdən sonra sürücü sərhədə demək olar ki, bir kilometrdən də az qalmış yol ayırıcında
maşını saxlayaraq sona qədər gedə bilməyəcəyini dedi. Deməli, onun dediyinə görə,
sərhəd ərazisinə Fələstin fərqlənmə nişanları olan avtomobillərin girişi
qadağan idi. Burada maşından düşdükdən sonra elə oradaca “növbətçi” taksinin
durduğunu gördüm. İsrail nömrəli bu taksi sərhədə qədər olan qısa məsafəyə məni
əvvəlki taksidən bir neçə dəfə baha qiymətə apardı.
Axır ki,
İsrail-İordaniya sərhəddinə çatmışdım. İki ölkə arasındakı sərhəd 1994-cü il
müqaviləsilə tənzimlənir və 1967-ci ildən İsrailin nəzarəti altına keçmiş ərazilər
üzrə təmas xətti boyu qurulub. Burada sərhəd İordan çayı üzərindən keçirdi. Sərhəd
keçid məntəqəsi İordan çayı üzərindəki Allenbi körpüsündə yerləşir. Bu körpü
Birinci dünya müharibəsi dövründə 1917-ci ildə Fələstini tutmuş və “Qüds
fatehi” kimi tanınan Böyük Britaniya feldmarşalı Edmund Allenbinin şərəfinə
adlandırılıb. Bu sərhəddi keçmək üçün müəyyən rüsum tətbiq olunur və bu, sərhəd
ərazisinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə xərclərin olması ilə
izah edilir. Artıq saat 10-da İordan çayının üzərində keçərkən uşaqlıq illərim
bir anlıq göz önümə gəldi, SSRİ-nin mərkəzi televiziyasındakı xəbərlər və
“Vremya” proqramında tez-tez istifadə olunan “Западный берег реки Иордан” ifadəsi yadıma düşdü...
İordaniyada iki
gün qaldıqdan sonra yenidən İsrail ərazisinə, artıq ölkənin cənub hissəsindəki
Arava sərhəd keçid məntəqəsindən daxil oldum. Bilmirəm burada İsrail sərhədçilərini
şübhələndirən nə olmuşdu, amma sənədlərimin yoxlanılması səbəbilə bir müddət
burada saxlanıldım. Ola bilər ki, İsrailə gələrək buradan İordaniya getməyim və
yenidən geri qayıtmağım “maraqlı” gəlmişdi. Bəlkə də həmin günü həftənin şənbə
gününə (Şabbat) təsadüf etdiyindən İsrail sərhədçiləri daha çox istirahətə
üstünlük verirdilər. Qeyd edim ki, İudaizmə görə, Şabbat həftənin yeddinci
günüdür və yəhudilər həmin günü işləməkdən çəkinməlidirlər. Əlqərəz, təxminən
3-4 saat çəkən “sənəd yoxlama” prosesindən sonra İsrail ərazisinə keçdim və gecə
ilə avtobusla Bat Yama qayıtdım.
Nəhayət ki,
yanvarın 11-də bir həftəlik səfərimi başa vuraraq geriyə İstanbula dönürdüm.
Son maraqlı hadisə hava limanında baş verdi. Bütün qeydiyyat və yoxlama
prosedurlarını keçdikdən sonra təyyarə salonuna keçməzdən öncəki təhlükəsizlik
yoxlamaları qalmışdır. Burada yeganə yüküm olan bel çantamı baqaj yoxlanışına təhvil
verdim.
Təhlükəsizlik əməkdaşının
biri gah monitora, gah da mənə baxır, əlindəki radio telefonla kiminləsə
danışırdı. Sanki vaxt uzatmaq üçün bel çantam daha iki dəfə təhlükəsizlik
kamerasından keçirildi. Çox keçmədi artıq arxamda hava limanın təhlükəsizlik
xidmətinin iki nəfər əməkdaşının da durduğunu hiss etdim. Bu zaman çantaları
yoxlayan xanım bel çantamın içindən hələ Bakıda ikən hər ehtimala götürdüyüm,
artıq özümün də yadımdan çıxartdığım köhnə qatlanan bıçağı çıxartdı. Bu əşya təyyarə
salonuna keçirilməsinin qadağan olunduğu bildirilərək müsadirə olundu. Qəribədir
ki, səfər dövründə iki təyyarəyə minərkən, dəfələrlə sərhəd keçid məntəqələrini
və müxtəlif təhlükəsizlik postlarını keçərkən bu bel çantası yoxlanılmış, lakin
“soyuq silah” indi üzə çıxmamışdır.
Bu “təhlükə”dən də
sovuşdduqdan sonra artıq İstanbula uçan təyarəyə mindim. Təəssüf ki, İsrailə səfərim
qısa müddətli oldu və bu ölkənin tarixi və görməli yerlərini, xüsusilə də Yerusəlim
şəhərini gəzməyə daha çox vaxt ayıra bilmədim. Ümidvaram ki, İsrailə yolum nə
vaxtsa bir də düşəcək.
P.S. İsrailə səfərlə bağlı bəzi videolara m_elnur1975 Youtube kanalımda
izləyə bilərsiniz. Abunə olmağı da unutmayın.
No comments:
Post a Comment