Saturday, December 26, 2020

İsrail: səmavi dinlərin müqəddəs yerləri, dünya irsi inciləri, məbədlər, hərbi postlar və təmas xətləri - SƏFƏR XATİRƏLƏRİ

Koronavirus infeksiyası səbəbindən yaranmış pandemiya dövründə  ölkəmizdə yüksək yoluxma dinamikası müşahidə olunduğundan və xüsusi karantin rejimi sərtləşdirildiyindən yenidən evdən işləmək zorunda qaldığımdan bu günləri daha səmərəli istifadə etdim. Bir qədər boş vaxtdan yararlanaraq düz beş il əvvəl 2016-cı ilin ilk günlərində çoxdan görmək istədiyim İsrailə səfərim haqqında təssüratlarımı sizlərlə paylaşmaq fikrinə gəldim. Qarşılaşdığım hadisələrin ölkəmizdə baş verən son hadisələrlə bir qədər oxşarlıq (yəhudi-fələstin qarşıdurması, dini obyektlərin idarə olunması, hərbi postlar və s.) hiss etdiyimdəm oxuculara da maraqlı gələcəyinə ümid edirəm.

 

Birinci hissə

2015-ci ilin Yeni ilini ailəmizlə birlikdə İstanbulda keçirməyi planlamışdım. Anam və bacım artıq orada idilər və mən dekabrın sonunda məzuniyyətə çıxaraq onlara qoşuldum. Hər zamankı kimi Azərbaycandan ölkə xaricinə uçuşların baha olması səbəbi ilə əvvəl avtobusla Tiflisə yollandım və oradan da “Pegasus Hava Yolları” vasitəsilə İstanbula uçdum.

Bayram günlərini Türkiyədə qaldıqdan sonra yanvarın 5-də yenidən “Pegasus”la qarlı İstanbuldan günəşli Təl Əvivə yollandım. Bu yerdə İsrailə getməyi nəzərdə tutanlara bir məsləhət vermək istərdim. Bir sıra dövlətlərin, o cümlədən bəzi müsəlman ölkələrinin İsrail ilə münasibətləri yaxşı olmadığından, xüsusilə də İran, İraq, Səudiyyə Ərəbistanı, Pakistan və digərlərinin İsraili dövlət kimi tanımadıqlarından ora səfər edən şəxsləri öz ölkələrinə buraxmaya və ya yersiz sorğu-suala tuta bilərlər. Bu məqsədlə İsrail sərhədçiləri tərəfindən pasporta ölkəyə giriş-çıxış möhürü vurmayaraq bu rəsmiyyəti ayrıca bir kağızda etməklə turistlərəin gələcəkdə qeyd etdiyim dövlətlərə səfər etməsində problem yaşadılmasının qarşısını alır. Mən də bu xidmətdən istifadə etdim.  

Ben Qurion beynəlxalq hava limanında məni çoxdan İsraildə yaşayan Gəncədən olan qohumumuz Vahid Qurbanoğlu qarşıladı. Fürsətdən istifadə edərək, İsraildə qaldığım müddətdə göstərdiyi qonaqpərvrliyinə, mehribançılığına görə bir daha ona öz təşəkkürümü bildirirəm.

Vahid Təl Əvivə cənubdan bitişik olan Bat Yam şəhərində yaşayır və yerli şirkətlərin birinin mühafizə xidmətində çalışırdı. İlk günüm bu şəhərlə qısa tanışlıq oldu. Bat Yam əhalisinin bir hissəsi keçmiş Sovetlər Birliyindən mühacirət edənlərdir, burada xeyli sayda ərəblər də yaşayır. Şəhərin Aralıq dənizi sahilində yerləşməsindən və yanvar ayının olmasına baxmayaraq havanın mülayim keçməsindən istifadə edərək həmin gün dənizdə çimmək imkanını da əldən vermədim.

Xoş bir təsadüfdən orta məktəbdə uzun müddət bir sinifdə oxuduğum Məncanə də məhz bu şəhərdə yaşayırdı və bir mehmanxanada inzibatçı kimi çalışırdı. Günortadan sonra təqribən 25 il sonradan sinif yoldaşımla görüşdüm və uşaqlıq illərimizi, məktəb günlərimizi xatırladıq. Məncanənin vasitəçiliyi ilə İsrail səfərim bir qədər də maraqlı keçdi. Belə ki, yerli turist şirkətləri bu mehmanxana ilə əməkdaşlıq etdiklərindən Məncanə mənə onların müxtəlif turlarından istifadə etməyimə şərait yaratdı. Birinci olaraq Hayfa turunu seçdim.

Ertəsi gün erkən oyanaraq tura qoşulmaq üçün həmin mehmanxanın qarşısına gəldim. Çox keçmədən turist avtobusu şəhərin müxtlif yerlərindən səyahətçiləri toplayaraq məni də öz sıralarına qatdı və biz İsrailin şimalına yollandıq. Əslən Bakılı olan bələdçi-qidimiz yolboyu gedəcəyimiz yerlər, həmçinin ölkəsi haqqında maraqlı söhbətlər edirdi. O, danışdığı qısa mövzular arasında İsrail-ərəb münasibətlərinə də toxundu. Yerlimizin söylədiyi bu sözləri indi də xatırlayıram: “İsrail artıq tank istehsalı etmir. Çünki biz bu sahədə qonşu ölkələrin hamısından çox üstünük.” Azərbaycan Ordusunun Vətən müharibəsində istifadə etdiyi İsrail istehsalı olan PUA-lar (Harop) müasir lokal hərbi toqquşmalarda ağır texnikadansa bu növ müasir silahlardan istifadənin effektivliyini sübut etdi.

İri liman şəhəri olan Hayfa Yerusəlim (Qüds) və Təl Əvivdən sonra ölkənin üçüncü şəhəridir. Turumuzun ilk dayanacağı Hayfa şəhərində yerləşən Dünya Bəhaliliyinin mərkəzi oldu. Bu, kompleks Kermil dağında yerləşir. Bəhai dininin peyğəmbəri hesab edilən Babın (Seyid Əli Məhəmməd Şirazi) məqbərəsi buradadır və bəhai zəvvarlarının ziyarət yeridir. Məqbərənin ətrafında və dağın ətəyində on doqquz terrasdan ibarət məşhur Bəhai bağları salınıb. Bu kompleks 2008-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına (dünya irsi incilərinə) daxil edilib.

Kompleksin yalnız məqbərə hissəsi, yuxarı və aşağı baxış meydançaları turistlərin girişi üçün açıq olur. Kermil dağının üstündən şəhərə və limana geniş panorama açılır. Şəhərdə dəniz sahilindən baxdıqda isə dağ ətəyində çox gözəl və estetik salınmış bu bağların həqiqətən də İsrailin ən çox ziyarət edilən turist obyektlərindən biri olduğu qənaətinə gəlirsən.


Hayfadan sonra bir qədər də şimala hərəkət edərək Akka (Akra) şəhərinə yolda düşdük. Akka ticarət yollarının üzərində yerləşdiyindən hələ qədim vaxtlardan çox əhəmiyyətli yer kimi seçilirdi və tarixən region dövlətlərin – Misir, Finikiya, Assuriya, Əhəmənilər, yunanlar, Romalılar, Bizanslılar, Ərəb Xilafətinin və Tulunoğullarının əlinə keçmişdir. Sonralar şəhər səlibçilərin, məmlüklərin və Osmanlı imperasının tabeçiliyində olmuşdur. Səlibçilərin idarəçiliyi dövründə Akka Yerusəlim krallığının paytaxtına da çevrilmidir. Misir ekspedisiyası zamanı Napoleon Fələstin ərazilərinə də yürüşə başlamış, lakin Akkaya hücum etsə də türklər tərəfindən dəf edilmişdir.

 Şəhərin görməli yerlərindən biri qədim qaladır. Turumuza buranın ziyarəti daxil olmasa da bir neçə turistlə ümumi qrupdan ayrılaraq qalaya daxil olduq. Hündürlüyü 40 metr olan bu qala 18-ci əsrdə yerli ərəb hakimi Zahir Əl-Ömər tərəfindən səlibçi Hospitalyerlər ordeninin qədim monastırının qalıqları əsasında inşa edilmişdir. Burada həmçinin silah anbarı və kazarma yerləşirdi. Sonralar bu qala türmə kimi də istifadə edilmişdir. Qalanın tam yaxınlığında “Sehirli bağ” adlandırılan bir bağ da varı. Deyidiyinə görə, 1799-cü ildə bu ərazilərdə fransızlarla türklər arasında döyüş getmişdir.

Akka şəhəri də bəhai zəvvarları üçün müqəddəs yerlərdən hesab olunur. Bəhai dininin yaradıcısı Bəhaullah (Mirzə Hüseyn Əli Nuri) ömrünün sonuna qədər Akka şəhərində uzun müddətli sürgün həyatı yaşamış və qaladakı türmədə də saxlanılmışdır. Onun dəfn edildiyi məqbərə ətrafında Bəhai bağı salınıb. Təssüf ki, Bakılı tur rəhbərimiz bizi oranı ziyarətə aparmadı.

Akka qalasının yaxınlığında Əl-Cəzzar məscidi yerləşir. İsraildəki İslam obyektləri arasında gözəlliyinə görə bu dini tikili yalnız Yerusəlimdəki Əl-Əqsa və Qübbətüs-Səhra məscidlərindən geri qalır. Yaşıl rəngli gümbəzləri və minarəsi ilə məşhur olan bu məscid 18-ci əsrdə Bosniya əsilli yerli Osmanlı hakimi Cəzzar Əhməd Paşa tərəfindən inşa etdirilmiş və sonralar özü də burada dəfn olunmuşdur. Şəhərdə indiyə qədər salamat qalan qala divarları da məhz Əl-Cəzzarın dövründə tikilmişdir. Qeyd edim ki, Akka şəhərinin tarixi hissəsi də 2001-ci ildən dünya irs inciləri siyahısına salınıb.


Həmin günü turumuzun sonunda geriyə Bat Yama qayıdarkən Kesariya (Qeysəriyyə) şəhərini də ziyarət etdik. Əsası miladdan öncə 4-cü əsrdə qoyulmuş bu şəhər sonralar Yəhudi kralı Böyük Herod tərəfindən Roma imperatoru Avqustun şərəfinə belə (Caesarea) adlandırılmış və buranı Roma şəhərləri üslubunda inşa etdirmişdir. Sonralar bu şəhər Romalıların bölgədə əsas inzibati mərkəzinə çevrilmişdir. Bu günlərimizə qədər Roma dövründən qalan mozaikalı kral sarayınıın, Avqust məbədinin və digər tikililərin xarabalıqları, sahiboyu böyük hippodrom və daha sonrakı dövrlər, Bizans, ərəb və səlibçilərə məxsus çoxlu sayda tarixi abidələr qalmaqdadır. Buradakı Roma teatrı deyilənə görə, İsrail ərazisində mövcud olan ən qədim və ən böyüyüdür. Hazırda bu teatr bərpa edildikdən sonra konsert yeri kimi istifadə olunur.

Kesariyadakı arxeoloji tapıntılar arasında ən məşhuru üzərində qədim latın yazısı olan əhəng daşı plitəsidir. Bu plitədə Yəhudi əyalətinin prefekti Ponti Pilatın adı əks olunub və İncilə görə, İsa Peyğəmbər haqqında ölüm hökmünü verən bu şəxs haqqında əldə edilmiş yeganə arxeoloji tapıntı hesab olunur.

Kesariyada 19-cu əsrdə inşa edilmiş Bosniya məscidi də var. Belə ki, 1878-ci ildə Avstriya-Macarıstan Bosniya-Herzeqovinanı işğal etdikdən sonra xeyli boşnaklar Fələstin ərazisinə mühacirət etmiş və bir qismi bu ərazidə məskunlaşmışdır. Kesariya şəhəri 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi obyektlərinin ilkin siyahısına daxil edilib.




Sinif yoldaşımın “yardım”ı ilə getdiyim ikinci turist turu Masada və Ölü dəniz sahillərini əhatə edirdi.  Qədim Masada qalası Ölü dənizin yaxınlığında, səhralıqda çox da hündür olmayan (450 m.) dağın üzərində miladdan öncə 30-cu illərdə  salınmışdır. Qala sonralar Yəhudi kralı Böyük Herod tərəfindən daha da möhkəmləndirilmişdır.

Birinci Yəhudi-Roma müharibəsi zamanı (66-73-cü illər) Masada yəhudilər tərəfindən ələ keçirilmişdir. 70-ci ildə Roma sərkərdəsi Tit Yerusəlimi tutmuş və dağıtmışdır. Lakin yəhudilərin mübarizəsi hələ üç il də davam etmiş və son müqavimət yeri məhz Masada olmuşdur. Romalıların uzun müddət dağın zirvəsində olan bu qalanı mühasirədə saxlamışdır. Xarici istilaçılara qarşı döyüşən yəhudilər mübarizlik nümunəsi göstərmişdilər. Artıq müqavimətin tükəndiyini hiss edən yəhudilər Romalılara qul olmaqdansa ölümü üstün tutmuşdular. Qalada olan 960 nəfər insan arasından 10 nəfər döyüşçü seçilmiş və onlar qalan 950 nəfəri qılıncla qətlə yetirmişdilər. Sonra 10 nəfər arasından biri seçilmiş və o, qalanlarını öldürmüş və sonda öz canına qəsd etmişdir. Təsadüf nəticəsində kütləvi qətldən yalnız iki qadın və beş uşaq sağ qalmış və bu hadisələr onların söyləmələrindən tarixə düşmüşdür.

Hazırda bu ərazidə Masada Milli Parkı yaradılıb. Qalaya qalxmaq üçün kanat yolu çəkilib. Qalaya digər yolla, “ilan cığırı” adlandırılan dağ yolu ilə də qalxmaq olar və mən bir neçə turistlə belə də etdik. Qala daxilində kral sarayı, sinaqoq, çoxlu sayda tikililərin qalıqları qalmaqdadır. Masadada zamanına görə mükəmməl çəkilmiş su sistemi mövcud idi və hazırda hamam və su anbarlarının dağıntıları mövcuddur. Romalılardan sonra burada Bizans xristian monastırı da olmuşdur. Dağın üzərindən Ölü dənizə geniş görünüş açılır. Dənizin arxasında İordaniya ərazisi görsənirdi. Qalanın qalıqları 19-cu əsrdə tapılmış və arxeoloji qazıntılar aparılmışdır. Masada 2001-ci ildən Ümumdünya İrsi Siyahısındadır və İsrailin ən çox ziyarət edilən turist obyektlərindən biridir.



Turumuzun növbəti dayanacağı Ölü dənizin sahili oldu. Qeyd edim ki, Ölü dəniz dünyanın ən duzli göllərindən biridir və dəniz sahili Yer kürəsinin ən aşağı quru sahəsi hesab edilir (-430 m). Ölü dənizin suyu mineralllarla zəngindir və bir sıra xəstəliklər üçün müalicəvi əhəmiyyəti var. Burada təbii müalicə kurortları fəaliyyət göstərir. Bundan başqa Ölü dənizin minerallarından kosmetika üçün də istifadə edirlər. Turumuz çərçivəsində gəldiyimiz istirahət zonasında da bu cür kosmetika məhsullarının satışı mərkəzi fəaliyyət göstərirdi. Fürsətdən istifadə edərək Ölü dənizdə də bir qədər çimdim. Çimdim deyəndə ki, suyun duzluğunun çoxluğu insanın batmasına imkan vermir və rahatlıqla su üzərində qala bilirsən.


İsraildə olduğum günlərin birində gündüz vaxtı qohumum Vahidlə Təl Əvivdə olduq. Həmin gün hava sərin və bir qədər küləkli olduğundan şəhəri qısa müddətə maşınla gəzdik. Əsası 1909-cu ildə qoyulmuş bu şəhərdə qədimi tarixi yerlərin olmamasından bura mənə çox da cəlbedici gəlmədi. Hərçənd keçən əsrin 30-50-ci illərində burada tikilmiş çoxlu sayda ağ və açıq rəngli binalara görə Təl Əvivin bu hissəsi “Ağ şəhər” adlandırılmış və 2003-cü ildə dünya irsinin inciləri siyahısına salınmşdır.

Axşam saatlarında Vahid və onun dostu, həmyerlimiz Eyyub ilə Yaffada olduq. Hazırda bu şəhər Təl Əviv ilə birləşdirilib və rəsmi olaraq Təl Əviv-Yaffa adlandırılır. Yaffa daha qədim şəhərdir. Buranın ən görməli yerləri köhnə şəhərdə - Qədim Yaffada yerləşir. Köhnə şəhərin küçələrini xeyli piyada dolandıq. Axşam vaxtı olduğundan şəhərin tarixi obyektləri, o cümlədən Əl-Bahr məscidi (Dəniz məscidi) bağlı idi. Şəhərin məşhur Saat qülləsi də təmir işləri ilə əlaqədar örtülmüşdür. Yaffanın ən gözəl yerlərindən biri liman hissəsidir və gecə saatlarında buradan Tel Əvivin sahil boyu olan göydələnlərini seyr etdik.   




İkinci hissə

İsrailə səfərimin üçüncü günü daha maraqlı olmuşdur. Yanvarın 7-də bir çox yerlərə getməyi planlaşdırmışdım. Evdən gecə təqribən 3-də çıxdım və avtobusla Yerusəlimə yollandım. Sübh hələ açılmadan mən artıq Yerusəlimə çatdım. Burada avtovağzalda bir qədər gözlədikdən sonra digər avtobusla Hebron (Əl-Xəlil) şəhərinə getdim. Gecə demək olar ki, yatmadığımdan hər iki avtobusda yolboyu mürgülədim. Bir müddət sonra avtomobil yolunun kələ-kütür, narahat olmasından oyandım və sürücüdən harada olmağımız barədə maraqlandım. Yəhudi sürücü özünəməxsus bir işarə ilə yol ətrafı uçuq-sökük evləri işarə edib, Hebrona yaxınlaşdığımızı bildirdi. Mən artıq Fələstin ərazisində idim.

Burada kiçik bir məlumat verim ki, Fələstin Dövləti 1988-ci ildə Fələstin Azadlıq Təşkilatının (FAT) ali orqanı olan Fələstin Milli Şurasının Əlcəzairdə keçirilmiş toplantısında elan olunmuşdur. Lakin o zamanlar bu dövlət heç bir əraziyə malik deyildir. 1993-cü ildə İsrail ilə FAT arasında imzalanmış Oslo razılaşmalarına görə, İsrail tərəfindən zəbt edilmiş Qəzza bölgəsinin və İordan çayının qərb sahilinin bəzi hissələrinin idarəçiliyi üçün Fələstin Milli İdarəsi (FMİ) yaradılmışdır. 2013-cü ildən FMİ rəsmən Fələstin Dövləti adlandırılır.

Hebron dünyanın qədim şəhərlərindən biridir və İudaizmdə Yerusəlimdən sonra ikinci müqəddəs şəhər hesab edilir. Hebron eyni zamanda İordan çayının Qərb sahilinin ən iri şəhəri və Fələstinin Qəzzadan sonra ikinci şəhərdir. Əhainin böyük əksəriyyətini ərəblər (fələstinlilər) təşkil edir. Şəhər əsasən Fələstinin idarəçiliyində olsa da, bir hissəsi İsrailin nəzarətindədir.

Hebronda ilk ziyarət etdiyim tarixi yer - Patriarxlar mağarası (Maxpela mağarası) oldu. Bura İudaizm, Xristianlıq və İslam üçün müqəddəs yer hesab olunur. Bibliyaya görə, İbrahim peyğəmbər arvadı Sara öldükdən sonra bu mağaranı yerli sakinlərdən almış və onu burada dəfn etmişdir. Sonralar İbrahimin özü, oğlu İshaq və onun arvadı Rebeka, İshaqın oğlu Yaqub və onun arvadı Lea da burada dəfn olunmuşdular. Yəhudilərə görə, Adəm və Həvvanın qəbirləri də bu mağaranın alt dərinliklərindədir. Mağara iki hissəyə bölünmüş halda fəaliyyət göstərir və ziyarətçilər fərqli girişlərdən daxil olurlar. Mağaranın müsəlmanlara aid hissəsi daha böyük əraziyə malikdir.

Tarixi-dini obyektin bilavasitə yanında İsrail Ordusunun postu yerləşir. İsrail əsgərləri mənim haradan olduğumu soruşduqdan sonra məni mağaranın arxa tərəfində olan müsəlman girişinə ötürdülər. Müsəlman hissəsi fəaliyyətdə olan məsciddir (İbrahim məscidi) və fələstinlilər tərəfindən idarə olunur.

Ərəb Xilafəti Fələstini istila etdikdən sonra burada məscid tikilmiş, sonralar bir müddət Səlibçilərin əlinə keçmişdir. On ikinci əsrdə bu ərazilər Səlahəddin Əyyubinin nəzarətində olmuşdur. Onun tərəfindən  məscid ətrafında minarələr inşa edilmiş, onlardan ikisi indiyə qədər qalmaqdadır. Məsciddəki məşhur minbəri də məhz Səlahəddin həmin dövrdə Aşkelon şəhərindən bura gətirtmişdir.

Mağaranın mərkəzi hissəsində ayrı-ayrı qapalı otaqlarda İbrahim və Saranın məqbərələri yerləşir. Hər iki girişdən gələn ziyarətçilər fərqli pəncərələrdən buranı müşahidə edə bilirlər. İshaq və Rebekanın qəbri müsəlman tərəfdə, Yaqub və Leanın qəbri isə yəhudi tərəfdədir.



Məsciddən çıxdıqdan sonra digər girişdən sinaqoq ərazisinə girmək istədim. Lakin bu dəfə İsrail əsgərləri buna icazə vermədi və hətta onlardan biri mənim bir qədər əvvəl müsəlman tərəfinə keçdiyimə görə sinaqoqa getməyimə etiraz etdi. Vəziyyəti belə görəndə bir qədər aralı yerləşən posta yaxınlaşdım və daha yüksək polis əməkdaşları ilə “müzakirələr”dən sonra mənə icazə verildi. Sinaqoq ərazisi daha kiçik idi və məsciddən fərqli olaraq həmin günü bura gələn digər turistlər də vardı.



Mağaradan bir qədər aralandıqda yerli fələstinlilər mənə yaxınlaşaraq müəyyən sorğu-sual edir, “müsəlman təhsil cəmiyyətləri” üçün müəyyən ianələr edilməsini xahiş edirdilər. Bunlarla xoş danışaraq təhlükəsizlik baxımından İsrail əsgərləri tərəfə hərəkət edirdim. 

Hələ Bat Yamda olarkən İntifada zamanlarından fərqli olaraq indiki dövrdə fələstinlilərin əsasən bıcaqla silahlanaraq ara-sıra mülki əhaliyə qarşı hücumlar etdiyi haqqında söyləmişdilər. Fələstin tərəfinə keçəcəyimi bildikdə mənə daha diqqətli olmağımı məsləhət görmüşdülər. Təhlükəsizliyin qorunması üçün İsrailin bütün yaşayış məntəqələrində əli avtomatlı polis və hərbiçilərə rast gəlmək adi bir hal idi.

Qeyd edim ki, mağara ərazisi dəfələrlə terror aktlarının keçirilmə yeri olmuşdur. Onlardan ən məşhuru 1994-cü ildə edilmişdir. Amerika əsilli Barux Qoldşteyn adlı yəhudi həkim avtomatla silahlanaraq məscidə daxil olmuş, 29 nəfər fələstinlini qətlə yetirmiş, 150 nəfərdən çoxunu isə yaralamışdır. Terrorçunun özü də məsciddəki kütlə tərəfindən linç edilərək öldürülmüşdür. Bu hadisədən sonra ərazidə təhlükəsilik tədbirləri daha da gücləndirilmişdir.

Mağara ziyarətindən sonra yaxınlıqdakı dəmir barmaqlıqlar formasında olan keçiddən istifadə edərək Hebronun ərəb hissəsinə keçdim. Dar küçələr, kiçik evlər, divarlarda Yasir Ərəfatın rəsmləri... Bura bir qədər bizim İçərişəhərin küçələrinə bənzəyirdi. Hebronun qədim hissəsi Patriarxlar mağarası ilə birlikdə 2017-ci ildən Ümumdünya İrsi Siyahısına daxil edilib. Burada 13-cü əsrdə inşa edilmiş və sonralar bərpa edilmiş Şeyx Əli əl-Bakka məscidini ziyarət etdim. Məscidin Məmlük arxiterktura üslubu ilə tikilmiş minarəsi indiyə qədər qalmaqdadır.





Şəhərin mərkəzi küçələrinə çıxdıqdan sonra taksi ilə Müqəddəs Üçlük Monastırına getdim. Rus Pravoslav Kilsəsinə məxsus olan bu dini tikilini turistlər və zəvvarlar üçün daha maraqlı edən onun ərazisində 5 min il yaşı ehtimal edilən Mamre palıdının (İbrahim palıdı) olmasıdır. Bibliyaya görə, İbrahim peyğəmbər bu ağacın altında oturarkən Allah ona görünmüşdür.



Hebronun qədim hissəsindən fərqli olaraq şəhər mərkəzində artıq bir qədər geniş küçələr, orta hündürlüklü binalar vardı. 1997-ci il Hebron razılaşmalarına görə, şəhərin böyük əksəriyyəti (80 faiz) fələstinlilərin idarəçiliyindədir. Şəhərin təhlükəsizliyinə Fələstin polisi nəzarət edir. Yaxın Şərq müsəlman şəhərlərinə tipik olaraq burada da meyvə-tərəvəz və geyim üzrə küçə ticarəti inkişaf edir, hərəkət yollarının nişanlanması demək olar ki, yoxdur, avtomobillərlə yanaşı at qoşqulu yük arabalarından da istifadə olunurdu. Natəmizlik də öz yerində.





Hebronun mərkəzində bazarın yanından köhnə mikroavtobusa minərək Fələstinin digər şəhəri Betlehəmə getdim. Bu şəhər İudeyanın və sonralar İsrail krallığının məşhur padşahı olan Davudun vətənidir. Betlehəm xristianlar üçün Yerusəlimdən sonra ikinci müqəddəs şəhər hesab edilir. Belə ki, İncilə görə, İsa peyğəmbər bu şəhərdə doğulmuşdur.

Avtobusdan əsas yolda düşərək ara küçələrlə şəhərin ən məşhur tarixi-dini obyekti Milad kilsəsi tərəfə getməyə başladım. Hebronda olduğu kimi burada da geniş olmayan küçələr ticarət obyektləri ilə dolu idi. Həmin gün yanvar ayının 7-si olduğunu, post-sovet ölkələrin pravoslav kilsələrinin məhz bu günü Milad bayramı kimi qeyd etdiklərini nəzərə alsaq bu ərazidə çoxlu sayda, xüsusilə də rusdilli zəvvarlara və turistlərə rast gəlinirdi.





Milad kilsəsi dördüncü əsrdə Roma imperatoru Konstantinin anası Yelenanın göstərişi əsasında Milad mağarası üzərində inşa edilmişdir. Sonralar kilsə bir qədər dağılsa da Bizans imperatoru Yustinian tərəfindən bərpa edilmiş və genişləndirilmişdir. Zəvvarların çoxluğundan bir xeyli sırada gözlədikdən sonra kilsəyə daxil oldum, oradan da dar pilləkənlərlə mağaranın içinə düşdüm. Rəvayətə görə, İsa məsih məhz bu mağarada dünyaya göz açmışdır. Həmin yerdə döşəmədə 14 guşəli gümüşü ulduz bərkidilib və ulduzun üzərində çıraqlar asılıb. Zəvvarlar burada dini ayinlərini yerinə yetirir, bəziləri özləri ilə gətirdikləri ikonaları burada “müqəddəsləşdirirdilər”.

2012-ci ildən Ümumdünya İrsi Siyahısında olan Milad kilsəsi Yunan pravoslav kilsəsi, erməni kilsəsi və katolik kilsəsinin birgə idarəçiliyindədir. Heç təsadüfi deyil idi ki, kilsə ətrafında bir neçə ermənilərə də rast gəldim. Dini kompleksin ətrafında fələstin polisinin əməkdaşları patrul aparırdılar. Oslo razılaşmalarına görə Betlehəm şəhəri fələstinlilərin hərbi və mülki nəzarətindədir.






Milad kilsəsinin arxa hissəsində Süd mağarası kilsəsi (Milk Grotto Church) yerləşir. Digər rəvayətə görə, İsa peyğəmbərin doğulmasından sonra ailəsi bir müddət məhz buradakı mağarada yaşamış və Məryam oğlunu əmizdirərkən süd damcıları yerə düşmüşdür. Sonralar bura xristian zəvvarlarının ziyarət etdiyi əsas obyektlərdən birinə çevrilmiş və 19-cu əsrdə mağaranın üzərində katolik kilsəsi inşa edilmişdir.

Milad kilsənin qarşısındakı Meydanın mərkəzində Milad bayramı ilə əlaqədar hündür Yeni il ağacı quraşdırılmış, həmçinin Bibliya hadisələrini əks etdirən dekorasiya düzəldilmişdir. Bu meydan Axur meydanı (Manger Square) adlanır. Bibliyaya görə, İsa doğulduğu zaman Məryam başqa bir əşyası olmadığından övladını axura - ev heyvanlarının yemləmək qutusuna qoymuşdur.



Meydanın əks tərəfində 19-cu əsrdə tikilmiş və hazırda fəaliyyət göstərən tək minarəli Ömər məscidi yerləşir. Bu islam tikilisi Betlehəmin qədim hissəsində olan yeganə məsciddir. Qeyd edim ki, Betlehəmin qədim hissəsinin əhalisinin əksəri xristianlar, xüsusilə də pravoslavlardır. Rəvayətə görə, Xəlifə Ömər Yerusəlimi ələ keçirdikdən sonra Betlehəmdə xristianların və onlraın müqəddəs yerlərinin təhlükəsizliyinə təminat vermək məqəsədilə bura gəlmiş və hazırda məscidin yerləşdiyi yerdə namaz qılmışdır.

Betlehəmlə bitirdikdən sonra Yerusəlimə qayıtmaq üçün taksi ilə buraxılış məntəqəsinə gəldim. Hazırda İsrail ilə İordan çayının qərb sahili arasında olan ərazilərin müəyyən hissəsində sərhəd səddi mövcuddur. İsrail tərəfindən bu səddin çəkilməsi bir sıra dövlətlər tərəfindən tənqid edilmişdir. Bu səddin böyük hissəsi metal çəpərdən, bir hissəsi isə hündür beton divardan ibarətdir. Mən gəldiyim yer məhz beton divar ərazisi idi. Bu səddin çəkilməsinin əsas məqsədi terror aktlarından qorunma, ölkənin yəhudi və ərəb əhalisi arasında toqquşmaların qarşısının alınmasıdır. Uzun, qapalı və dar dəhlizdən sonra sərhəd buraxılış məntəqəsindən keçərək Fələstin ərazinini tərk etdim.






Sərhəddən avtobusla Yerusəlimə yollandım. Yerusəlim dünyanın qədim şəhərlərindən biridir və ilk məskunlaşma miladdan öncə dördüncü minilliyə gedib çıxır. Sonralar şəhər yəhudilərin, romalıların, ərəblərin, Səlibçilərin, məmlüklərin, Osmanlıların tabeçiliyinə keçmiş, dəfələrlə dağıdılmış və yenidən bərpa olunmuşdur.

Mən Yerusəlimə çatanda artıq günortanı keçirdi. Yerusəlimin turistləri ən çox cəlb edən yeri şəhərin şərq tərəfində yerləşən köhnə hissəsidir (Köhnə şəhər). Köhnə şəhərin hazırki divarları Osmanlı sultanı Süleyman Qanuninin dövründə salınmışdır. Qala divarlarına pillələrlə qalxaraq Yaffa qapısından içəri daxil oldum və şəhərin erməni kvartalına düşdüm. Yeri gəlmişkən, Köhnə şəhər dörd kvartala bölünüb: müsəlman, xristian, yəhudi və erməni. Yaffa qapısının önündə Davud qalası yerləşir. Vaxt azlığı baxımından bu qalaya daxil olub baxa bilmədim.

Köhnə şəhərin erməni kvartalı ilə bir qədər gəzdikdən sonra kral Davudun məqbərəsini ziyarət etdim. Burada yəhudilər öz dini ayinlərini yetirir, dini ədəbiyyat oxuyurdular. Deyilənə görə, məhz bu binanın üst qatında İsa peyğəmbər çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə birlikdə məşhur şam yeməyini etmişdir.






Köhnə şəhər 1981-ci ildən UNESCO-nun dünya irsinin inciləri sırasındadır. Şəhərin daş piltəli küçələri ilə hərəkət edərkən sanki xəyali tarixin əvvəlki dövrlərinə gedirdim. Şəhərin xeyli hissəsi qapalı bazar formasındadır. Elə belə dar küçələrlə dolanaraq xristian kvartalına gəldim. Sıx ticarət obyektləri arası ilə gedərək Müqəddəs Yelena küçəsinə çatdım. Burada iki dini tikili üzbəüzdür: Müqəddəs məqbərə kilsəsi və Ömər məscidi.

Müqəddəs məqbərə kilsəsi xristianlığın ən müqəddəs yeri hesab edilir. İncilə görə, hazırda bu kilsənin yerləşdiyi yerdə İsa peyğəmbər çarmıxa çəkilmiş, dəfn edilmiş və sonradan dirilmişdir. Ərazi baxımından çox böyük olan bu dini tikilinin müxtəlif ziyarətgahlarına sahiblik hüququ əsasən Yunan pravoslav kilsəsi, katolik kilsəsi və erməni kilsəsinə, o cümlədən az qisimdə Kopt pravoslav kilsəsi (Misir), Suriya pravoslav kilsəsi və Efiopiya pravoslav kilsəsinə məxsusdur.

Mən kilsəyə daxil olanda hava qaralmağa doğru gedirdi. Dini tikili daxilində müxtəlif kiçik kilsələr, məbədlər, səcdəgahlar, qəbirlər mövcuddur. Ərazinin tam gəzilməsi az vaxt aparmadı. Kilsənin mərkəzində, rotondanın altında, müqəddəs məzar üzərində tikilmiş ibadətgah yerləşir. Burada dini ibadət ayinlərinin keçirilməsinin vaxtı da müxtəlif konfessiyalar arasında bölüşdürülüb. Mən katoliklərin zamanına düşdüm və qısa dini ayın yerinə yetirildi. Bundan sonra növbə ilə ziyarətçilər məzarın olduğu mağaraya girməyə başladılar. Mən də növbəyə duraraq oranı ziyarət etdim.






Bundan sonra köhnə şəhərin dar küçələri ilə hərəkət edərək yəhudi kvartalına keçdim. Şəhərin bu hissəsinin ən məşhur və daha çox ziyarət edilən yeri isə Qərb divarıdır.

Yerusəlimin Məbəd dağı adlandırılan hissəsi yəhudilərin ən müqəddəs yeri hesab edilir. İudaizmə görə, bu ərazidə bir neçə mühüm hadisələr baş vermişdir. Bunlardan biri də ilk insan Adəmin yaradılışının məhz burada olmasıdır. Miladdan öncə onuncu əsrdə yəhudilərin İlk məbədi (Süleyman məbədi) də burada inşa edilmişdir. Bu məbəd Yeni Babil çarlığının hökmdarı II Navuxodonosorun Yerusəlimi istila etdiyi zaman təmamilə dağıdılmışdır.

Sonralar yəhudilər həmin yerdə İkinci məbədi tikmişdilər. Bu məbəd isə 70-ci ildə Roma sərkərdəsi Tit tərəfindən məhv edilmidir. Birinci və İkinci məbəd eyni gündə yəhudi təqviminin Av ayının 9-da dağıdılmışdır və həmin gün (Tişa Beav) yəhudilər tərəfindən matəm günü kimi qeyd edilir.

İkinci məbədin dağıdılması nəticəsində tikilinin divarlarının bir hissəsi salamat qalmışdır. Hazırda qədim divar qalıqlarının qərb hissəsi (Qərb divarı) yəhudilər üçün çox müqəddəsdir, ziyarət və dua yeridir. Müsəlmanlar yəhudilərin bu divara yaxınlaşaraq ağlamalarını müşahidə etdiklərinə görə buranı “Ağlama divarı” adlandırmış, sonralar bir çox dillərdə də belə əks olunmuşdur.

Qərb divarının olduğu əraziyə iki tərəfdən giriş vardı və təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur. Xüsusi yoxlanışı keçəndən sonra geniş meydana keçdim. 1967-ci il Altı günlük müharibənin nəticəsində İsrail Yerusəlim şəhəri üzərində nəzarəti ələ keçirdikdən sonra Qərb divarı yaxınlığında yerləşən müsəlman evləri dağıdılmış və bu meydan düzəldilmişdir.

Divarın sol hissəsi kişilər, sağ hissəsi isə qadınlar üçün ayrılıb və xüsusi arakəsmə ilə bölünüb. Axşam saatlarına baxmayaraq, Qərb divarını ziyarət edən, burada ayaq üstə və ya kürsülərdə əyləşərək dua edən xeyli sayda insan vardı. Bəziləri öz dua və istəklərini yazdıqları kağız parçalarnı bükərək divarın daşları arasına qoyurdular. Divarın sol tərəfində Uilson alaqapısı var. Bu alaqapıdan keçərək böyük otağa girirsən. Bu qapalı ərazidə də dualar edilir, çoxlu sayda dini kitablar saxlanılır.




Qərb divarı iri daş piltələrindən ibarətdir. Daşların hər biri bir neçə ton ağırlığındadır. Bunların ən irisi divarın torpaq səviyyəsindən aşağıda, tuneldədir. Qərb daşı adlandırılan bu piltənin çəkisi təxminən 570 tondur və dünyanın ən iri monolit daşlarından biridir. Müqayisə üçün, Misirdəki Xeops ehramının ən böyük daş piltəsinin çəkisi təqribən 35 tondur.

Daha sonra Qərb divarı ərazisindən çıxaraq onun arxa hissəsinə - Məbəd dağı ərazisinə getdim. Bura müsəlmanlar üçün də müqəddəs hesab olunur və Əl-Əqsa məscidi burada yerləşir. Yenə köhnə şəhərin küçələrindən həmin yerə gedərkən əvvəlcə İsrail hərbiçiləri mənim Azərbaycandan (müsəlman ölkəsi) olduğumu bildikdən sonra yola davam etməyə icazə verdilər. Bilavasitə məscidin ərazisinin girişində isə Fələstin polisinin postu vardı. Onlar da özlərindəki siyahıya baxıb Azərbaycanı tapdılar. Amma hər ehtimala Quranın “Fatihə” surəsini soruşdular. İsrailə səfərə getməmişdən əvvəl qeyri-müsəlmanların Əl-Əqsa məscidinə girişin qadağan olması haqqında oxumuşdum. Buna görə də, öncədən müəyyən “hazırlıq” keçmişdim və bu postu da rahatlıqla keçdim.



Məbəd dağı ərazisinin şimal hissəsində Qübbətüs-Səhra ziyarətgahı yerləşir. Bu, qübbə formasında olan ən qədim müsəlman tikililərindən hesab olunur. Qübbətüs-Səhra (ərəbcədən, qayanın qübbəsi) 7-əsrdə Müəlləq qaya daşı üzərində inşa edilmişdir. Bu daş yəhudi, xristian və islam dinləri üçün müqəddəs hesab olunur. Yəhudilərə görə, dünyanın yaranışı bu daşdan başlanılıb. Xristianlara görə, qiyamət günündə İsa məsihin taxtı bu daşın üzərində qurulacaq. Müsəlmanlara görə isə, Məhəmməd peyğəmbər bu daşın üzərindən meraca yüksəlmişdir.

Səlibçilər Yerusəlimi ələ keçirdiyi dövrdə bura bir müddət kilsəyə çevrilmişdir. Hazırda məscid kimi fəaliyyət göstərən Qübbətüs-Səhra ən gözəl müsəlman memarlıq nümunələrindən biridir. Səkkizbucaqlı tikilinin divarları rəngli (göy, yaşıl, sarı və s.) çini kaşı mozaikalarla bəzədilib və üzərində qızılı qübbə durur. Binanın daxili dairəvi formadadır və çoxlu sayda sütünlar var. Müəlləq daşı arakəsmə ilə qapadılmış, insanlar onun ətrafında namaz qılırdılar.



Bəzi hallarda, Qübbətüs-Səhra ziyarətgahı Əl-Əqsa məscidi ilə səhv salınır, Əl-Əqsa haqqında yazılar veriləndə qızılı qübbəli binanı göstərirlər. Əl-Əqsa İslam dünyasının ən qədim məscidlərindəndir və müsəlmanlar üçün Məscidül-Həram (Məkkə) və Məscidül-Nəbidən (Mədinə) sonra üçüncü ən müqəddəs yer hesab olunur. Quranda göstərilib ki, Məhəmməd peyğəmbər Məscidül-Həramdan Əl-Əqsa məscidinə merac etmişdir. İslamın ilk dövrlərində Əl-Əqsa məscidi müsəlmanlar tərəfindən Qiblə kimi qəbul olunmuşdur.

1951-ci ildə məscidin girişində İordaniya kralı Abdulla fələstinli terorçu tərəfindən qətlə yetirilmişdir. 1969-cu ildə isə Avstraliyadan olan xristian sekta üzvü Denis Maykl Rohen məscidi yandırmışdır. Əl-Əqsa ərazisində mütəmadi olaraq yəhudilər və fələstinlilər arasında toqquşmalar baş verirdi. Belə hadisələrdən daha böyüyü mənim səfərimdən bir il əvvəl 2014-cü ildə olmuş, yaralananlar və saxlanılanlar olmuşdur. Bu baxımdan İsrail hökuməti tərəfindən də müxtəlif dövrlərdə məscidi ziyarət edənlər arasında müəyyən qadağalar (50 yaşdan kiçik kişilər, bütün qadınlar və s.) tətbiq edilirdi.

Məscidin sahəsi Qübbətüs-Səhradan daha böyükdür və eyni zamanda beş min nəfərdən çox insan namaz qıla bilər. Mən Əl-Əqsada olanda artıq axşam saatları idi və ziyarətçilər azalmışdır. Məsciddə bir qədər oturub ağır günün yorğunluğunu aldım. İrəlidə gediləsi daha başqa yerlər vardı. Planıma görə, artıq həmin gün İsrail-İordaniya sərhəddini keçməli idim. Hətta həmin gecə üçün Əmmanda oteldə yer də tutmuşdum.




Məsciddə dincələrkən burada bir fələstinli ilə tanış oldum və sərhədə yaxın yerləşən İerixon şəhərinə getmək barədə maraqlandım. O, hərçənd bu vaxtı ora getməyin çətin olacağını desə də yardım edəcəyini söylədi. Bir qədər də Əl-Əqsada olduqdan sonra birlikdə oranı tərk etdik. Bu dəfə köhnə şəhərin müsəlman hissəsinə keçdik.

İşgününün sonu idi. Ticarət başa çatır, yır-yığış edirdilər.  Köhnə şəhərin dar küçələri ilə bir qədər də getdikdən sonra Dəməşq qapılarına çatdıq. Girişin özü amfiteatr formasındadır. Yerusəlimə daxil olduğum Yaffa qapılarına yuxarı qalxan pillələr aparırdısa, Dəməşq qapılarında isə əksinə pillələr aşağı düşürdü.

Köhnə şəhərdən çıxdıqdan sonra Yerusəlimin şərq hissəsində idik. Burada əsasən fələstinlilər yaşayır. Bir neçə dəqiqə piyada gedərək Yerusəlimin avtovağzalına getişdik. Əvvəldən düşünürdüm ki, Fələstinin inzibati mərkəzi olan Ramallaha gedərək oradan da İyerixona yetişim. Lakin bu vaxtı belə nəqliyyatın olmayacağını dedilər. Son olaraq məsləhət görüldü ki, Azəriyyə (bu yerin mənşəyini soruşsam da cavab verəcək şəxs olmadı) deyilən yerə gedən avtobusa minim və yolda bir məntəqədə (adını unutmuşam) düşərək oradan İerixona gedəcək başqa nəqliyyat tapmaq mümkün olar.

Artıq saat 8-i keçmişdir və avtobusumuz yola düşdü. 20-30 dəqiqə keçməmiş həmin deyilən məntəqəyə çatdıq. Burada 1-2 taksi vardı və İyerixona gedən yox idi. Sərnişinlərini toplayıb yola düşməyə hazırlaşan bir taksi sürücüsü məni arxayın etdi ki, İerixona gedən maşınlar olan yerədək məni aparacaq. Əlacsızlıqdan bunlara qoşuldum və bir xeyli getdikdək sonra demək olar ki, səhralıq bir yerdə yol ayrıcında məni düşürdü.

Yenidən Fələstin ərazisində idim. Gecə saat 9-u ötüb, zill qaranlıq, səhranın ortasında yol qırağında qalmışdım. Tək-tük maşınlar gedir və saxlayan da olmurdu. Hava da bir qədər sərinləmişdi. Yol qırağı ilə bir müddət piyada getməyə və maşınlara əl etməyə başladım. Nəhayət ki, 10-15 dəqiqə getdikdən sonra bir tünd rəngdə “cip” saxladı və xoş təsadüfdən İerixona gedirdi. Ümumilikdə, Yerusəlim ilə sərhəd arasında məsafə elə də çox deyil (təqribən 30 km), lakin gecə vaxtında nəqliyyatın olmaması belə problem yaşadırdı.

Onlarla İerixona qədər getdim və şəhərin bir yerində sərhəddə getmək üçün yerli taksiyə mindim. Qeyd edim ki, İerixon dünyanın ən qədim şəhərlərindən biri hesab olunur. Bu şəhər Oslo razılaşmalarından sonra İsrail tərəfindən Fələstin idarəçiliyinə verilmiş ilk şəhər idi. Fələstinin digər şəhərlərində olduğu kimi İerixonda da İsrail və Fələstinin nəzarət etdiyi hissələri arasında müəyyən sərhədlər var. 2020-ci ilin oktyabrında İerixonun tarixi hissəsi UNESCO-nun Ümumdünya irsi obyektlərinin ilkin siyahısına daxil edilmişdir.

Taksi ilə bir qədər getdikdən sonra sürücü sərhədə demək olar ki, bir kilometrdən də az qalmış yol ayırıcında maşını saxlayaraq sona qədər gedə bilməyəcəyini dedi. Deməli, onun dediyinə görə, sərhəd ərazisinə Fələstin fərqlənmə nişanları olan avtomobillərin girişi qadağan idi. Burada maşından düşdükdən sonra elə oradaca “növbətçi” taksinin durduğunu gördüm. İsrail nömrəli bu taksi sərhədə qədər olan qısa məsafəyə məni əvvəlki taksidən bir neçə dəfə baha qiymətə apardı.

Axır ki, İsrail-İordaniya sərhəddinə çatmışdım. İki ölkə arasındakı sərhəd 1994-cü il müqaviləsilə tənzimlənir və 1967-ci ildən İsrailin nəzarəti altına keçmiş ərazilər üzrə təmas xətti boyu qurulub. Burada sərhəd İordan çayı üzərindən keçirdi. Sərhəd keçid məntəqəsi İordan çayı üzərindəki Allenbi körpüsündə yerləşir. Bu körpü Birinci dünya müharibəsi dövründə 1917-ci ildə Fələstini tutmuş və “Qüds fatehi” kimi tanınan Böyük Britaniya feldmarşalı Edmund Allenbinin şərəfinə adlandırılıb. Bu sərhəddi keçmək üçün müəyyən rüsum tətbiq olunur və bu, sərhəd ərazisinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə xərclərin olması ilə izah edilir. Artıq saat 10-da İordan çayının üzərində keçərkən uşaqlıq illərim bir anlıq göz önümə gəldi, SSRİ-nin mərkəzi televiziyasındakı xəbərlər və “Vremya” proqramında tez-tez istifadə olunan “Западный берег реки Иордан” ifadəsi yadıma düşdü...

İordaniyada iki gün qaldıqdan sonra yenidən İsrail ərazisinə, artıq ölkənin cənub hissəsindəki Arava sərhəd keçid məntəqəsindən daxil oldum. Bilmirəm burada İsrail sərhədçilərini şübhələndirən nə olmuşdu, amma sənədlərimin yoxlanılması səbəbilə bir müddət burada saxlanıldım. Ola bilər ki, İsrailə gələrək buradan İordaniya getməyim və yenidən geri qayıtmağım “maraqlı” gəlmişdi. Bəlkə də həmin günü həftənin şənbə gününə (Şabbat) təsadüf etdiyindən İsrail sərhədçiləri daha çox istirahətə üstünlük verirdilər. Qeyd edim ki, İudaizmə görə, Şabbat həftənin yeddinci günüdür və yəhudilər həmin günü işləməkdən çəkinməlidirlər. Əlqərəz, təxminən 3-4 saat çəkən “sənəd yoxlama” prosesindən sonra İsrail ərazisinə keçdim və gecə ilə avtobusla Bat Yama qayıtdım.

Nəhayət ki, yanvarın 11-də bir həftəlik səfərimi başa vuraraq geriyə İstanbula dönürdüm. Son maraqlı hadisə hava limanında baş verdi. Bütün qeydiyyat və yoxlama prosedurlarını keçdikdən sonra təyyarə salonuna keçməzdən öncəki təhlükəsizlik yoxlamaları qalmışdır. Burada yeganə yüküm olan bel çantamı baqaj yoxlanışına təhvil verdim.

Təhlükəsizlik əməkdaşının biri gah monitora, gah da mənə baxır, əlindəki radio telefonla kiminləsə danışırdı. Sanki vaxt uzatmaq üçün bel çantam daha iki dəfə təhlükəsizlik kamerasından keçirildi. Çox keçmədi artıq arxamda hava limanın təhlükəsizlik xidmətinin iki nəfər əməkdaşının da durduğunu hiss etdim. Bu zaman çantaları yoxlayan xanım bel çantamın içindən hələ Bakıda ikən hər ehtimala götürdüyüm, artıq özümün də yadımdan çıxartdığım köhnə qatlanan bıçağı çıxartdı. Bu əşya təyyarə salonuna keçirilməsinin qadağan olunduğu bildirilərək müsadirə olundu. Qəribədir ki, səfər dövründə iki təyyarəyə minərkən, dəfələrlə sərhəd keçid məntəqələrini və müxtəlif təhlükəsizlik postlarını keçərkən bu bel çantası yoxlanılmış, lakin “soyuq silah” indi üzə çıxmamışdır.

Bu “təhlükə”dən də sovuşdduqdan sonra artıq İstanbula uçan təyarəyə mindim. Təəssüf ki, İsrailə səfərim qısa müddətli oldu və bu ölkənin tarixi və görməli yerlərini, xüsusilə də Yerusəlim şəhərini gəzməyə daha çox vaxt ayıra bilmədim. Ümidvaram ki, İsrailə yolum nə vaxtsa bir də düşəcək.

 

P.S. İsrailə səfərlə bağlı bəzi videolara m_elnur1975 Youtube kanalımda izləyə bilərsiniz. Abunə olmağı da unutmayın.